27 dekabr 2025 13:57
108

Daşkənddə "Mədəniyyət gücümüzdür - həmrəylik birliyimizdir" adlı bayram tədbiri keçirilib

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "Mədəniyyət gücümüzdür - həmrəylik birliyimizdir" şüarı altında bayram tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki, səfirlikdən verilən məlumata görə, tədbirdə diplomatik korpusun nümayəndələri, dövlət və ictimai təşkilatların təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də Özbəkistanda yaşayan Azərbaycan diasporunun üzvləri iştirak ediblər. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxışında humanitar və mədəni təşəbbüslərin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib. O qeyd edib ki, Özbəkistanda yaşayan Azərbaycan diasporu da həmrəyliyin bir hissəsidir.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli deyib ki, hər iki ölkə prezidentlərinin sayəsində Azərbaycan və Özbəkistan arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın müttəfiqlik səviyyəsinə yüksəlib. Bu isə humanitar və mədəni əlaqələrin genişlənməsi üçün də möhkəm zəmin yaradır.

Sonra Azərbaycanın tanınmış xanəndəsi Rəvan Qaçayev və gənc müğənni Ülkər Abdullayeva çıxış ediblər. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "Xarı Bülbül" teatr truppası Azərbaycan klassik dramaturgiyası və musiqili teatrına aid səhnəciklər, eləcə də xalq mahnılarını tamaşaçılara təqdim edib. Eyni zamanda, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Qarabağ Zəfəri" rəqs ansamblı çıxış edib.