26 dekabr 2025 17:14
122

Probasiya ilə bağlı kitabın təqdimatı keçirilib

Dekabrın 26-da Ədliyyə Nazirliyinin Probasiya xidməti tərəfindən hazırlanmış “Probasiya fəaliyyətində sosial adaptasiya və reabilitasiya: nəzəri və praktiki məsələlər” adlı kitabın təqdimat mərasimi keçirilib. 

“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva, elm və təhsil ictimaiyyətinin, dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, probasiya sahəsində fəaliyyət göstərən mütəxəssislər, habelə probasiya nəzarətində olan yetkinlik yaşına çatmayan şəxslər, probasiya könüllüləri və probasiya üzrə icra məmurları iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi Vüqar Ağayev kitabın probasiya fəaliyyətinin müasir tələblər əsasında inkişaf etdirilməsi, sosial reabilitasiya və reinteqrasiya mexanizmlərinin elmi əsaslarla formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıb, nəşrin probasiya əməkdaşları və tədqiqatçılar üçün dəyərli mənbə olduğunu qeyd edib.

Çıxış edənlər kitabın ali təhsil müəssisələrində sosial iş, psixologiya və pedaqogika ixtisasları üzrə tədris prosesinə mühüm töhfə verəcəyini bildirib, nəşrin akademik mühitdə praktiki yönümlü dərs vəsaiti kimi xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.

Təqdimat mərasimi kitab ətrafında elmi müzakirələrlə davam edib. İştirakçılar nəşri probasiya nəzarətində olan şəxslərin sosial adaptasiya və reabilitasiyası sahəsində maarifləndirici vəsait və mühüm elmi mənbə kimi yüksək qiymətləndiriblər. Tədbir çərçivəsində, həmçinin Sosial Xidmətlər Agentliyinin tabeliyində Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində peşə kurslarına cəlb edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin son Amnistiya aktı ilə cəzadan azad olunmuş, əvvəllər probasiya nəzarətində olmuş üç nəfər yetkinlik yaşına çatmayan şəxsə sertifikatlar və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, kitabın elmi-praktiki və ali təhsil müəssisələrində tədris üçün yararlılığı nəzərə alınaraq, Probasiya xidmətinin əməkdaşlıq etdiyi Azərbaycan Universitetinin Elmi Şurasının müvafiq protokol qərarı ilə dərs vəsaiti kimi çap edilməsi tövsiyə olunub. Kitab çap olunaraq müvafiq akademik qurumlara paylanılıb.