26 dekabr 2025 10:45
78

BDU-nun rektoru: Qəhrəmanlıq heç də həmişə silah götürüb vuruşmaq deyil

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının təşkilatçılığı ilə ötən ilin dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan təyyarə bələdçisi, BDU-nun Hüquq fakültəsinin məzunu, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə BDU-dan bildirilib.

Əvvəlcə qəza qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. BDU-nun rektoru Elçin Babayev AZAL-a məxsus təyyarənin qəzaya uğramasını təkcə hadisə deyil, hər bir azərbaycanlını sarsıdan acı bir itki olduğunu deyib. O, BDU ailəsinin üzvü olan Hökumə Əliyevanın itkisinin ikiqat ağır olduğunu bildirib: “Hökumə Əliyeva Hüquq fakültəsinin məzunu və doktorantı kimi hüquqa sadəcə peşə kimi deyil, ədalətə xidmət vasitəsi kimi baxırdı. Elmi axtarışları, dissertasiya işi, müəllimlərinin və dostlarının xatirələrində qalan prinsipial mövqeyi bunu açıq şəkildə göstərir. Biz gələcəyin alimini, bacımızı, həmvətənimizi, həm də bir qəhrəmanımızı itirdik. Qəhrəmanlıq heç də həmişə silah götürüb vuruşmaq deyil. Təyyarə qəzası zamanı Hökumə Əliyevanın mərdliyi, cəsarəti, öz peşə borcunu məsuliyyətlə yerinə yetirməsi qəhərəmanlıq idi. Bu çətin gündə Hökumə Əliyevanın ailəsinə dərin hüznlə başsağlığı verir, səbir və güc arzulayıram. O, daim BDU ailəsinin üzvü kimi qalacaq və qəlbimizdə yaşayacaq”.

Hökumə Əliyevanın atası Cəlil Əliyev qızının xatirəsinə həsr olunmuş tədbirin təşkilinə görə təşəkkür edib, onun çox sakit təbiətli, lakin dediyindən dönməyən bir övlad olduğunu bildirib. O, dövlətimiz və xalqımızın təyyarə qəzası qurbanlarının xatirəsini hər zaman əziz tutduqlarını vurğulayıb, gəncləri Hökumə Əliyeva kimi mərd, cəsur olmağa, Vətəni sevməyə səsləyib.

Hüquq fakültəsinin dekanı Zaur Əliyev qeyd edib ki, Hökumə Əliyeva nizam-intizamlı tələbə və elmi işçi olub. 2008-ci ildə 612 balla Hüquq fakültəsinə daxil olan Hökumə Əliyeva daha sonra magistraturada “Mülki və təsərrüfat hüququ” ixtisaslaşması üzrə təhsil alıb: “Kriminalistika və məhkəmə ekspertizası kafedrasının doktorantı kimi dissertasiya işi isə “Mənzil dələduzluqlarının istintaqı metodikası” idi. Onun bu mövzu ilə bağlı elmi məqalələri çap olunurdu. Hökumə Əliyeva güclü müşahidə qabiliyyətinə malik peşəkar hüquqşünas idi. O, öz vəzifə borcunu ləyaqətlə yerinə yetirdi, qəza zamanı insanları sakitləşdirməklə, öz yerlərində düzgün oturmalarını tənzimləməklə təyyarənin taraz şəkildə qəza enişi etməsini təmin etdi, 29 nəfərin sağ qalmasına yardımçı oldu”.

Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müdiri, Hökumə Əliyevanın müəllimi Əsmər Əliyeva onunla bağlı xatirələrini bölüşüb, şəhid məzunun xatirəsinin daim yaşayacağını bildirib. Hüquq fakültəsinin tələbəsi Pəri Əliyeva Hökumə Əliyeva kimi qəhrəmanların gənclərə örnək olduğunu bildirib.

Sonra təyyarə qəzasına həsr olunmuş “Səma qurbanları” filmi nümayiş olunub.

Sonda rektor Elçin Babayev Hökumə Əliyevanın BDU-da təhsil aldığı müddətdə ona məxsus olan sənədi şəhid məzunun valideyni Cəlil Əliyevə təqdim edib.