Çinin Paytaxt Tibb Universitetinin alimləri tərəfindən aparılan araşdırma çay və qəhvənin çox isti halda içilməsinin mədə xərçəngi riskini yüksəltdiyini göstərib.
“İki sahil” xəbər verir ki, nəticələr "Food & Function" jurnalında dərc olunub.
Tədqiqat UK Biobank layihəsinin məlumatları əsasında həyata keçirilib. 12 il müddətində 328 mindən çox insanın sağlamlıq göstəriciləri izlənilib. İştirakçıların gündə neçə fincan və hansı temperaturda içki qəbul etdiyi qeyd olunub.
Məlum olub ki, gündə 8-9 fincandan çox isti içki içənlərdə mədə xərçəngi riski 54% artıb. Çox isti içkiləri davamlı qəbul edən şəxslərdə risk isə iki dəfədən artıq yüksəlir.
Alimlər bildirir ki, nəticələr yaş, həyat tərzi və siqaret istifadəsi kimi faktorlar nəzərə alınandan sonra da dəyişməyib. Riskin əsas səbəbi mədə selikli qişasının uzun müddət isti içkilərlə zədələnməsidir.
Tədqiqatçılar xərçəng riskini azaltmaq üçün çay və qəhvəni bir qədər soyuduqdan sonra içməyi tövsiyə edirlər.