"Google" şirkəti istifadəçilərə "@gmail.com" domenində olan elektron poçt ünvanını dəyişmək imkanı yaradacaq.
“İki sahil” xəbər verir ki, indiyədək bu funksiya mövcud olmayıb və şirkət rəsmi arayışında "Gmail" ünvanının dəyişdirilməsinin mümkün olmadığını açıq şəkildə bildirib.
Qeyd olunur ki, "Google"un Hindistandakı dəstək səhifəsində yeni funksiyanın mərhələli şəkildə tətbiqi ilə bağlı məlumat yerləşdirilib.
İstifadəçilər mövcud "@gmail.com" ünvanlarını yeni ünvanla əvəz edə biləcəklər. Ünvan dəyişdirildikdən sonra köhnə e-poçt silinməyəcək, psevdonim kimi saxlanılacaq. İstifadəçi həm köhnə, həm də yeni ünvana gələn məktubları almağa davam edəcək.
Bununla yanaşı, bir sıra məhdudiyyətlər də nəzərdə tutulub. Köhnə e-poçt ünvanından dərhal yeni hesab yaratmaq mümkün olmayacaq - bu yalnız 12 aydan sonra mümkün olacaq. Yeni təyin olunan ünvanı silmək də mümkün olmayacaq. Google xidmətlərinə - o cümlədən "Gmail", "YouTube", "Google Drive", "Maps" və "Google Play" - giriş istənilən ünvan vasitəsilə mümkün olacaq.
"Google" hələlik bu funksiyanın rəsmi istifadəyə verilməsi ilə bağlı açıqlama yaymayıb.