26 dekabr 2025 00:58
94

Dərinizin vaxtından əvvəl qocalmağını istəmirsinizsə...

Əksər insanlar duzlu qidaların həddindən artıq qəbulunun yüksək qan təzyiqi və həyati təhlükə yaradan ürək xəstəlikləri riskini artırdığını bilirlər. Lakin az bilinən məqamlardan biri də odur ki, natriumla zəngin qidalar dərinin daha tez qocalmasına səbəb ola bilər.

Mütəxəssislərin sözlərinə görə, bu cür qidalar dərinin quru və ya şişkin görünməsinə gətirib çıxara, eyni zamanda, dərinin möhkəmliyini, elastikliyini və sağlamlığını təmin edən kollagenin istehsalına mənfi təsir göstərə bilər.

Vestleyk Dermatologiya klinikasının dermatoloqu, doktor Timoti Tran bildirib ki, duz orqanizmdə maye balansının tənzimlənməsində, sinir funksiyalarında və əzələ yığılmalarında mühüm rol oynayır: “Lakin natrium normadan artıq qəbul edildikdə bir sıra problemlərə yol açır və bu disbalanslar çox vaxt ilk növbədə dəridə özünü göstərir".

ABŞ-da gündəlik tövsiyə olunan natrium miqdarı təxminən 2300 milliqramdır. Ancaq əksər amerikalılar bu göstəricidən orta hesabla 1100 milliqram artıq natrium qəbul edir. Bu və digər amillər nəticəsində ABŞ-da yetkin əhalinin demək olar ki, yarısı yüksək qan təzyiqindən əziyyət çəkir.

Dermatoloq Maykl Linin sözlərinə görə, yüksək qan təzyiqi dərini zəiflədir və kollagen istehsalına mane olur. Timoti Tran isə bildirir ki, natrium dərinin nəmlənməsini pozduqda və oksidləşdirici stresi artırdıqda, dəri kollagenin parçalanmasına daha meyilli olur. Zamanla bu hal dərinin sallanmasına, xırda qırışların yaranmasına və dərinin teksturasının kobudlaşmasına səbəb ola bilər.

Klivlend klinikasının məlumatına görə, duzla zəngin qidalanma orqanizmin artıq suyu saxlamağa çalışmasına səbəb olur ki, bu da dərinin daha şişkin görünməsinə gətirib çıxarır. Eyni zamanda, hüceyrələrdən su çəkildiyi üçün dəri qurumuş kimi görünə bilər.

Sinqapurda fəaliyyət göstərən  Cutis Tibi Lazer Klinikaları (Cutis Medical Laser Clinics) qeyd edir ki, bu prosesin nəticəsində dəri quruyur, qabıqlı və solğun görünür, qırışlar daha çox nəzərə çarpır.

Araşdırmalar göstərir ki, dəridə toplanan natrium ekzemanın (dərinin quruması, qızarması və səpgilərlə müşayiət olunan dəri xəstəliyi) yaranmasında da rol oynaya bilər. Milli Ekzema Asossiasiyası (National Eczema Association) təşkilatının məlumatına görə, ABŞ-da 31 milyondan çox insan ekzemanın müxtəlif formalarından əziyyət çəkir. San-Fransiskoda aparılan araşdırmaya əsasən, gündəlik natrium qəbulunun cəmi 1 qram artırılması ekzema hallarının ehtimalını 20 faizdən çox yüksəldir. Natrium, eyni zamanda, ekzema zamanı müşahidə olunan xroniki iltihabı gücləndirərək dərinin qocalma prosesini sürətləndirə bilər. Mütəxəssislər bildirir ki, yaş artdıqca dəri təbii olaraq daha quru olur.

Dərinin sağlamlığını qorumaq və natriumun mənfi təsirlərini azaltmaq üçün mütəxəssislər çipslər, konservləşdirilmiş şorbalar, hazır qidalar (fast foodlar), emal olunmuş ət məhsulları, turşular və çörək kimi ultraemal olunmuş qidaların qəbulunu məhdudlaşdırmağı tövsiyə edirlər.

Duzlu dadı daha sağlam şəkildə almaq üçün qoz-fındıq, paxlalılar, balıq, aznatriumlu pendirlər və oxşar məhsullara üstünlük vermək mümkündür. Evdə yemək bişirmək də bu baxımdan daha faydalıdır, çünki bu zaman dondurulmuş və ya hazır qidalara nisbətən daha az duz istifadə olunur.

Konservləşdirilmiş məhsulların yuyulması saxlanma zamanı əlavə olunan duzun azalmasına kömək edir. Dietoloq Emi Devisin "Health" nəşrinə verdiyi məlumata görə, konservləşdirilmiş paxlalıların yuyulması onların natrium tərkibini 40 faizə qədər azalda bilər. Bundan əlavə, duzlu qidaları kaliumla zəngin məhsullarla, məsələn, bananla birlikdə qəbul etmək natriumun yaratdığı su saxlanmasını qismən azalda bilər.

Mütəxəssislər dərinin yaxşı nəmləndirilməsinin vacibliyini də vurğulayırlar. ABŞ Milli Sağlamlıq İnstitutunun dermatoloqu Haydi Konq, dəri orqanizmin bədəni bakteriyalardan və digər təhlükəli ətraf mühit amillərindən qoruyan mühüm qoruyucu baryer rolunu oynayır deyərək dəriyə qulluğun vacibliyini vurğulayıb.

Şahnigar Əhmədova, "İki sahil"