25 dekabr 2025 15:42
104

Yerli mütəxəssislərin yaratdığı “Micro-SCADA” sistemi ilk dəfə “Xankəndi-1” yarımstansiyasında tətbiq olunub

“Xankəndi-1” elektrik yarımstansiyası işğaldan azad edilmiş ərazilərdə 110 kV-luq gərginlik sinfi üzrə tikilmiş ilk qapalı tipli yarımstansiyadır. Burada bütün avadanlıq və qurğular, o cümlədən transformatorlar binanın daxilində yerləşdirilib.

“İki sahil” xəbər verir ki,  “AzərEnerji” ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev AZƏRTAC-a bildirib ki, 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyası Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin dayanıqlı elektrik enerjisi təchizatı infrastrukturunun yaradılması ilə bağlı tapşırıqlarına əsasən, Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun tikilib. Xankəndi və ətraf ərazilərin ölkə enerjisisteminə qoşulması üçün Şuşa şəhərindən Xankəndiyə çətin dağlıq və meşəlik relyefdən keçməklə 1,8 kilometri yeraltı kabel olan, ümumilikdə, 11 kilometrlik yüksəkgərginlikli ötürmə xətti çəkilib.

Yarımstansiyada ən müasir mikroprosessor tipli Rəqəmsal İdarəetmə Mərkəzi qurulub. Bu Micro-SCADA sistemi “AzərEnerji” ASC-nin mütəxəssisləri tərəfindən yaradılaraq ilk dəfə məhz Xankəndidə tətbiq olunub. Sistem yüksəkgərginlikli elektrik xətlərinin və avadanlıqların real vaxtda monitorinqi, idarə olunması və hadisələrin izlənməsini təmin edir. Yarımstansiyadan Xankəndi şəhəri, Ağdərə, Xocalı və Xocavənd rayonları etibarlı və dayanıqlı elektrik enerjisi alacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində “AzərEnerji” ASC-nin 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyasının açılışında iştirak edib.