İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu Azexport.az portalı vasitəsilə ixracatçılar üçün sərbəst satış sertifikatının elektron qaydada təqdim edilməsi xidməti həyata keçirilir.
“İki sahil” xəbər verir ki, Sərbəst Satış Sertifikatı qida, kosmetik məhsullar, tibbi ləvazimat və avadanlıqlar daxil olmaqla bəzi sektorlar üzrə məhsulun ixrac olunduğu ölkənin müvafiq standartlarına cavab verdiyini, həmçinin istehsalçının həmin məhsulun Azərbaycan Respublikasının daxili bazarında sərbəst satışını həyata keçirdiyini təsdiq edən rəsmi sənəddir.
Bu sertifikat Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli Fərmanına uyğun olaraq “Azexport” portalı tərəfindən təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və qüvvədə olan standartlara cavab verdiyini təsdiqləyir.
Sərbəst satış sertifikatları əsasən Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, İraq, Gürcüstan, Rusiya, Bolqarıstan, İndoneziya, Filippin, Vyetnam, İsrail, eləcə də Yaxın Şərq və Ərəb ölkələri, Avropa, Asiya, Afrika, Amerika və Cənub-Şərqi Asiya regionlarının bir sıra ölkələrinə ixrac zamanı istifadə olunub.
2018-ci ilin aprel ayından 2025-ci il 15 oktyabr tarixinədək cəmi 763 ədəd sərbəst satış sertifikatı Azexport.az portalı vasitəsilə elektron qaydada təqdim olunub. 2025-ci il ərzində 10 ədəd sertifikat verilib.
Sertifikatın dəyəri bir məhsul üzrə 20 AZN təşkil edir. Eyni məhsul üzrə hər əlavə ölkə üçün təqdim edilən sertifikatlara görə 5 AZN məbləğində ödəniş tutulur. Elektron müraciətlərə baxılması və sertifikatın verilməsi adətən 1–3 iş günü ərzində həyata keçirilir.
Bu elektron xidmət ixrac prosedurlarının sadələşdirilməsinə, sahibkarlar üçün inzibati yükün azaldılmasına və Azərbaycan məhsullarının beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinə xidmət edir.
Mikayıl Cabbarov: Əczaçılığın inkişafı dərman təminatının gücləndirilməsinə xidmət edir
Kənd Təsərrüfatı Nazirliyi “ENİ” şirkəti və SOCAR ilə birgə deqradasiya uğramış torpaqlarda pilot layihə həyata keçirir
Azərbaycan Universitetinin tələbələri üçün rəqabətin təmin edilməsi mövzusunda açıq dərs keçirilib