Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Türkiyə Respublikasının Toxum Yetişdiriciləri Alt Birliyinin İdarə Heyətinin sədri Miktat Olgunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev ölkəmizdə toxumçuluq sahəsinin mövcud vəziyyəti, son illər ərzində bu istiqamətdə həyata keçirilən institusional islahatlar, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, eləcə də keyfiyyətli toxum istehsalının artırılması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, bu istiqamətdə Türkiyənin qabaqcıl təcrübəsinin öyrənilməsi və qarşılıqlı mübadilənin həyata keçirilməsi fermerlərin bilik və bacarıqlarının artırılmasına, eləcə də müasir texnologiyaların tətbiqinin genişləndirilməsinə mühüm töhfə verə bilər. Bu baxımdan toxumçuluq sahəsində ixtisaslaşmış təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, birgə layihələrin icrası və təlim proqramlarının həyata keçirilməsi xüsusi əhəmiyyətə malikdir.
Türkiyə Respublikasının Toxum Yetiştiriciləri Alt Birliyinin İdarə Heyətinin sədri Miktat Olgun Azərbaycanla toxumçuluq sahəsində birgə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib. Miktat Olgun qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının və birgə təşəbbüslərin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb. Bundan başqa İqtisadi Əməkdaşlıq Təşkilatı Toxumçular Birliyinin (ECOSA) mövcud imkanlarından səmərəli istifadə edilmənin məqsədəuyğunluğu diqqətə çatdırılıb.
Görüş çərçivəsində toxumçuluq sahəsində gələcək əməkdaşlıq perspektivləri, keyfiyyətli toxum istehsalının artırılması, sertifikatlaşdırma mexanizmlərinin təkmilləşdirilməsi və fermerlərin maarifləndirilməsi istiqamətlərində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.