24 dekabr 2025 12:29
59

Masallıda “Milli Birliyimizin Gücü” mövzusunda tədbir keçirilib

   24 dekabr 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə “Milli Birliyimizin Gücü” mövzusunda görüş keçirilmişdir. 

“İki sahil” xəbər verir ki, görüşdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Görüşü YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, çıxış edərək görüş iştirakçılarını Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək, bu əlamətdar günün əhəmiyyətindən, dünya Azərbaycanlılarının birlik və həmrəyliyindən, o cümlədən ölkəmizin son illər ərzində əldə etdiyi uğurlardan, 27 sentyabr 2020-ci ildə başlamış 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhid və qazilərimizin qəhrəmanlıqlarından geniş söhbət açdı.

Seyfəddin Əliyev qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyasının əsas strateji ideyalarından biri də məhz azərbaycanlıların həmrəyliyi və birliyi ilə bağlı olub. Dünyanın müxtəlif regionlarında yaşayan azərbaycanlıların milli icma çərçivəsindən çıxaraq mütəşəkkil diaspor halında formalaşması və güclənməsi, yaşadığı ölkələrdə siyasi, iqtisadi fəaliyyətlərini genişləndirməsi, milli maraqlara xidmət etməsi bu siyasətin prioritet istiqaməti olub. Dünya azərbaycanlılarının vahid ideya, məqsəd və prinsiplər ətrafında sıx birliyini təmin edilməsi üçün məqsədyönümlü tədbirlər bu gündə davam etdirilir.

Görüşdə Babaser ərazi partiya təşkilatının sədri Nərgiz Məmmədova çıxış edərək bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.

Görüşdə YAP Masallı rayon təşkilatının fəal üzvü Lətifə Həsənova çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən, bu əlamətdar günün bütün dünya azərbaycanlılarını bir amal ətrafında birləşdirməsindən bəhs edib. Bildirilib ki, milli birlik və həmrəylik Azərbaycanın güclənməsində, dövlətçiliyimizin möhkəmlənməsində mühüm rol oynayır.

Görüşdə Əbülfəz Əbülfəzli, Cəlal Əliyev və başqaları çıxış edərək görüş iştirakçılarını qarşıdan gələn əlamətdar bayram münasibətilə təbrik etmiş və qeyd edilmişdir ki, bu bayram xalqımızın həmrəyliyinin möhkəmlənməsində xüsusi rol oynayır.

Sonda partiya həyatında fəallıq göstərən bir qrup gəncə rayon təşkilatı tərəfindən qiymətli hədiyyələr təqdim edilmişdir.