24 dekabr 2025 12:27
95

Şavkat Mirziyoyev: Əminəm ki, Azərbaycanla gələcəkdə də əlaqələr uğurla inkişaf edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

“İki sahil” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Şavkat Mirziyoyev dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdıraraq, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan Prezidentinin Özbəkistana, Özbəkistan Prezidentinin isə bu ölkəyə həyata keçirdikləri səfərlər və aparılmış səmərəli müzakirələr məmnunluqla xatırlanıb.

Dövlət başçıları Azərbaycan–Özbəkistan münasibətlərinin qardaşlıq, dostluq və müttəfiqlik prinsiplərinə əsaslandığını qeyd edərək gələcəkdə də əlaqələrin bütün sahələr üzrə uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.