23 dekabr 2025 10:53
170

Əli Əsədov: SOCAR Türkiyəyə 19 milyard dollar sərmayə qoymaqla qardaş ölkənin ən böyük xarici investorudur

SOCAR Türkiyəyə 19 milyard ABŞ dolları sərmayə qoymaqla qardaş ölkənin ən böyük xarici investorudur. Bu sərmayələr çərçivəsində şirkət neft emalı, neft-kimya və təbii qaz sahələrində bir çox strateji layihələr həyata keçirib. Bu gün də SOCAR qardaş Türkiyənin iqtisadiyyatına sərmayə qoymaqla, yeni layihələr vasitəsilə fəaliyyətini genişləndirir.

“İki sahil” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dekabrın 23-də Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib. O qeyd edib ki, bu gün burada Türkiyənin ərazisində fəaliyyət göstərən 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair imzalanacaq sənəd bunun sübutudur.

Baş nazir vurğulayıb ki, Azərbaycan ilə Türkiyə arasında sənaye və texnologiya sahələrində də əməkdaşlıq son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Qarşılıqlı təcrübə mübadiləsi, insan kapitalının inkişafı və müasir texnologiyaların tətbiqi üzrə atılan addımlar sənaye potensialımızın gücləndirilməsinə xidmət edir. Bu çərçivədə istehsal sahələrində, xüsusilə metal emalı, maşınqayırma və digər baza sənaye istiqamətlərində qabaqcıl texnologiyaların tətbiqi üzrə bilik və bacarıqların ötürülməsi həyata keçirilir.