22 dekabr 2025 20:02
100

Ombudsman Səbinə Əliyeva Amnistiya Aktının icrası prosesində iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Amnistiya Aktının icrası prosesində iştirak edib.

“İki sahil”in məlumatına görə, Müvəkkil Amnistiya Aktının icrası ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsi və Yetkinlik Yaşına Çatmayan Şəxslər üçün Penitensiar Müəssisədə olub.

Ombudsman Səbinə Əliyeva çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirdiyi hüquqi islahatların istiqamətlərindən biri də cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı olub. Müvəkkil bu islahatların hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın da bu sahədə geniş fəaliyyətinin olduğunu qeyd edib, respublikamızda bu siyasətin mühüm tərkib hissəsini cəza siyasətində humanizm, mərhəmət və fərdi yanaşma prinsiplərinin tətbiqinin təşkil etdiyini vurğulayıb. O qeyd edib ki, əfv və amnistiya institutları məhz bu prinsiplərin hüquqi mexanizmləri kimi çıxış edərək, cəzanın tərbiyəvi mahiyyətinin gücləndirilməsinə və məhkumların cəmiyyətə yenidən islah olunmuş şəxs kimi qayıdışına xidmət edir.

Səbinə Əliyeva amnistiya aktının şamil olunduğu şəxsləri və onların ailə üzvlərini təbrik edərək penitensiar müəssisələrdən azad olunmuş şəxslərin cəmiyyətə inteqrasiyası və sosial adaptasiyasının əhəmiyyətini vurğulayıb, onları yaradılmış imkanlardan istifadə etməyə çağırıb.

Çıxışının yekununda Ombudsman Prezident İlham Əliyevə amnistiyanın elan edilməsi təşəbbüsü ilə bağlı bir daha təşəkkürünü bildirib.

Daha sonra Ombudsman Səbinə Əliyeva media nümayəndələrinə müsahibə verib.

Müvəkkilin tapşırığı əsasında Ombudsman Aparatının əməkdaşları Penitensiar Xidmətin digər müəssisələrində də amnistiya aktının icrasında iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Milli Məclisə təqdim etdiyi Amnistiya Aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Onlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.