Tədqiqatçılar solaryum vasitəsilə ultrabənövşəyi (UV) şüalara məruz qalmağın dərini qocaldacağını və ölümcül dəri xərçənginə yol açacağını bəyan edirlər. Məlumata görə, solaryumdan istifadə melanoma adlanan ölümcül dəri xərçəngi riskini 3 dəfə artırır. Solaryuma girən şəxslərdə dəri xərçəngi riskinin yüksək olduğu uzun müddətdir məlum olsa da, Kaliforniya və Şimal-Qərb Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırma ilk dəfə olaraq qapalı məkanda bronzlaşan gənclərin dəri hüceyrələrində, özlərindən iki dəfə yaşlı insanlarla müqayisədə daha çox mutasiyaya səbəb olan genetik dəyişikliklər yarandığını üzə çıxarıb. Bu mutasiyalar nadir və ölümcül melanoma kimi dəri xərçənglərinə səbəb ola bilər.
Kaliforniya Universitetindən doktor Bişal Tandukar bildirib ki, 30-40 yaşlarında olub solaryuma gedən şəxslərin ümumi əhalinin 70-80 yaşlı üzvlərindən daha çox mutasiya əlamətləri daşıdığı müəyyən edilib: "Başqa sözlə, solaryumdan istifadə edənlərin dərisi genetik səviyyədə on il daha yaşlı görünür. Ultrabənövşəyi şüaların sağlamlıq üçün bəzi faydaları olsa da, solaryumda istifadə edilən işıq bununla eyni deyil.
Amerika Dermatologiya Akademiyasının məlumatına görə, solaryumda istifadə olunan lampalar əsasən UVA şüaları yayır, halbuki orqanizmin D vitamini istehsalı üçün UVB şüalarına ehtiyacı var. UVB şüalarının dəri xərçənginə və günəş yanıqlarına səbəb olan əsas şüalar olduğu düşünülsə də, UVA şüaları da hüceyrə qocalmasına, qırışlara və bəzi dəri xərçəngi növlərinə yol aça bilər. Amerika Xərçəng Cəmiyyəti UVA şüalarının dərinin daha dərin qatlarına nüfuz etdiyini bildirir.
Araşdırmada solaryum sənayesinin əsas müştəriləri olan gənc qadınlar kimi bəzi qrupların da yüksək risk altında olduğu müəyyən edilib. Dəri xərçəngi daha çox 50 yaşdan yuxarı şəxslərdə, tez-tez günəş yanığı olanlarda, günəş altında uzun müddət qalanlarda, ailəsində dəri xərçəngi olan insanlarda və dərisi, saçı, gözü açıq rəngli insanlarda müşahidə olunur.
Tədqiqat zamanı 32 mindən çox dermatoloji xəstəsinin tibbi qeydlərini və 26 donordan götürülmüş dəri nümunələrini araşdıran alimlər solaryumdan istifadə edən şəxslərin bel nahiyəsində daha çox dəri mutasiyası aşkar ediblər. Solaryum günəş işığından adətən az zərər görən bu nahiyənin ultrabənövşəyi şüalara daha çox məruz qalmasına səbəb olur.
35 yaşından əvvəl qapalı məkanda bronzlaşmağa başlayan şəxslərdə melanoma riskinin təxminən 60 faiz daha yüksək olduğu müəyyən edilib. Melanomanın əsas əlamətləri arasında qeyri-bərabər kənarları olan, qəhvəyi və ya qara rəngin müxtəlif çalarlarında olan, digər xallardan daha tünd görünən və zamanla ölçüsü, forması, rəngi dəyişən və ya qabarıqlaşan dəri lezyonları yer alır. Bildirilir ki, bu il ABŞ-da 8 min 400-dən çox insan melanoma səbəbindən həyatını itirib.
Şahnigar Əhmədova, "İki sahil"