21 dekabr 2025 21:39
216

"Adını tarixə yazan şəhid qardaşım" kitabının təqdimatı keçirilib - FOTO

20 dekabr 2025-ci il tarixində Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Milli QHT Forumunda Aybəniz Camalovanın birinci Vətən müharibəsinin şəhidi Hüseyn Muxtar oğlu Məmmədovun əziz xatirəsinə həsr olunmuş "Adını tarixə yazan şəhid qardaşım" kitabının təqdimatı keçirib. Kitabın redaktoru araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist Vaqif Osmanlıdı.

Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı açaraq şəhid Hüseyn Məmmədovun şərəfli ömür yolundan danışdı. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himnimiz səsləndirildi. 

Söz aparıcılıq üçün təşkilatın idarə heyətinin üzvü, şair, şəhid bacısı Lalə İsmayıla verildi. O, qeyd etdi ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində şanlı zəfərimizin, tarixi qələbimizin 5 illiyi münasibəti ilə şəhid Hüseyn Məmmədovun adına bağlanan bu kitab ruhuna töhfədir. Mənə elə gəlir şəhid Hüseyn Muxtar oğlu haqqında ən yaxşı kitabı bacısı Aybəniz Camalova yaza bilərdi və yazdı. Çünki qardaşını  hamıdan yaxşı tanıyırdı.

Sonra söz kitabın müəllifi Aybəniz Camalovaya verildi. Qardaşı haqqında xatirələrini, onun qəhrəmanlığını dilə gətirən  şəhid bacısının kədərinin içində böyük qürur var idi. O, bildirdi ki, qardaşı haqqında saralmış vərəqlərdəki xatirələri, qeydləri, topladığı xatirə şəkilləri artıq kitab kimi ictimaiyyətə, xalqa təqdim olunursa, bu da bizə bir təsəllidi. Bu oğullar “Vətən” dedilər, Vətən uğrunda, torpağımızın azadlığı, xalqımızın xoş sabahı, bu günü və gələcəyi üçün canlarından  keçdilər. Şəhid qardaşımın bir oğlu, bir qızı qaldı. Onun cavan həyat yoldaşı üçün, bizim üçün asan olmadı bu illər. Amma bu gün qürurluyam. Zəfər bizimdir, xalqımın sevinci mənimdir. Şəhid qardaşım Hüseynin ruhu şaddı.

Kitabın redaktoru Vaqif Osmanlı çıxışında Aybəniz Camalovanın lirik duyğularının təbiiliyini önə çəkərək onun təcrübəli filoloq, orta və ali məktəb müəllimi olduğunu, “Nitq mədəniyyəti” fənnini tədris etdiyini vurğuladı. Aybəniz xanımın şəhid qardaşı Hüseynin qəhrəmanlığını və tarixi Zəfərimizi tərənnüm edən bayatıları onun kövrək bacı, ana, nənə, vətəndaş duyğularıdır. Aybəniz xanım həm də respublikamızda tanınmış quramaçıdır. İncəsənətin zərif sahəsi olan qurama sənəti ilə ədəbiyyatı ustalıqla birləşdirən müəllif gələcək nəsillərə örnək nümunələr - qurama kimi rəngarəng publisistik yazılar və şeirlər yaradıb.

Tədbirdə şəhidimizin qardaşı Sərxan Muxtaroğlu, bacısı Elmira Muxtarqızı, Amerikadan gələn, Bakıda Azərbaycan tarixi üzrə tədqiqat aparan professor Kelsi Rays, şəhid Zaur İsmayılzadənin anası Sevil Hüseynova, şəhid Əli  Abbasquluzadənin anası Nəzakət ana, əmək veteranı, Prezident təqaüdçüsü Tərlan Musayeva, "Üçüncü Bahar İB"-i adından Gültəkin Səlimova, Mingəçevirdən Pəri Tağıyeva, Afət Mehdiyeva, Mələk Tağıyeva,  ziyalı Sabit  Əzimov, Asif  Abdülhəlimov, Faiq Quliyev, Elçin Həsənov, Elçin Həmidov,    "Ailələrə Sosial Dəstək" İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova, "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının müdafiəsi" İB-nin sədri Mehriban Abdullayeva, "Əbədi Turan" Kitab Fondunun sədri, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad, Polad Ağa İbrahimovun rəhbərlik etdiyi "Ədəbi Tədbirlər Birliyi" nin üzvləri Mənsurə Cabbarlı və Mustafa Məmmədov  çıxış etdilər.
Sonda Güllü Eldar Tomarlı Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İsgəndərliyə, katibliyin rəhbəri Ləman Ağalarovaya və tədbir iştirakçılarına təşəkkürünü bildirib.