21 dekabr 2025 17:03
97

“Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi” həyata keçirilib.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, “ASAN xidmətin, ICESCO-nun Bakı Regional Ofisinin və “Coca-Cola Azərbaycan” şirkətinin tərəfdaşlığı ilə “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində Quba Olimpiya İdman Kompleksində dekabrın 14-18-də “Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi” həyata keçirilib.

“İki sahil” xəbər verir ki, 2025-ci il üzrə “İlin Könüllü”lərinin və “Fəal Könüllü”lərin, həmçinin Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin də könüllülərinin iştirak etdiyi düşərgədə gənclər üçün müxtəlif mövzulu təlimlər, interaktiv sessiyalar təşkil olunub. Düşərgə iştirakçıları “İdeaton” fəaliyyəti çərçivəsində komanda şəklində “beyin fırtınası” sessiyalarında iştirak edərək aparıcı könüllü təşkilatlarının rəhbərləri ilə layihə ideyalarını müzakirə ediblər. Bununla yanaşı, düşərgənin proqramında asudə vaxtın səmərəli təşkili də diqqət mərkəzində olub. “Suveren” intellektual yarışı təşkil edilib, gil və kətan tablo üzərində ustad dərsləri həyata keçirilib. Eyni zamanda, düşərgədə Beynəlxalq Könüllülər Mərkəzinə üzv ölkələrin iştirakı ilə “Təcrübə sərgisi” təşkil olunub. İştirakçılar həmin ölkələrin könüllü və gənclər təşkilatları haqqında məlumat veriblər.

Tədbir könüllülər arasında mədəniyyətlərarası dialoqun və dostluğun inkişafına töhfə vermək məqsədilə keçirilib.

Qeyd edək ki, dekabrın 4-də başlayan "Azərbaycan Könüllük Həftəsi 2025" 17 min könüllünün fəal iştirakı ilə başa çatıb. Artıq 7-ci dəfədir keçirilən “Könüllülük Həftəsi” çərçivəsində bu il 5 əsas mövzu üzrə 11 layihə icra olunub və bu layihələr 18 regionu əhatə edərək ölkəmizin hər bir guşəsində sosial təsir yaradıb. Bu göstəricilər könüllü gənclərimizin təşəbbüskarlığının, könüllü fəaliyyətinə göstərilən dövlət dəstəyinin və birgə əməkdaşlığın real nəticəsidir.