20 dekabr 2025 15:58
181

Doğma yurda qayıdan Kərkicahan sakinlərinə mənzillərin açarları təqdim edilib - FOTO

Dekabrın 20-də Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub. Uzun illər məcburi köçkün həyatı yaşayan Kərkicahan sakinləri bu gün doğma yurdlarına qayıdıblar.

“İki sahil” xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ilkin mərhələdə 117 nəfərdən ibarət 30 ailə Kərkicahana köçürülüb. Bir vaxtlar zorla tərk edilən evlərin qapıları, bu gün yenidən doğma insanların üzünə açılıb. Uzun illərin həsrətindən sonra Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi öz sakinlərini qarşılayıb.

Doğma yurda qayıdan Kərkicahan sakinlərinə açarların təqdim edilməsi mərasimi Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin şagirdləri “Xarıbülbül” rəqsini, “Qarabağdan Turana”, “Millətim”, “ Zəfər sədası” mahnıları ifa edib, “Tarix yazan sərkərdə” şerini səsləndiriblər.

Rəsmi hissədə isə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov çıxış edib. Yeni mənzillərin açarlarını sakinlərə təqdim edən E.Yusubov bu əlamətdar tarix münasibətilə onları təbrik edib, doğma torpaqda firavan günlər yaşamalarını arzulayıb. Bildirib ki, uzun illərdən sonra Kərkicahana həyat yenidən qayıdır və bu qayıdış təkcə köç deyil, yarımçıq qalan həyatın davamı, 34 illik köçkünlüyün sonu, yeni mərhələnin başlanğıcıdır. E.Yusubov onu da qeyd edib ki, sakinlərin öz doğma yurdunda rahat yaşamaları üçün hər cür şərait yaradılıb. Yaşayış evləri və zəruri infrastruktur bərpa olunub.

Sakinlər də sevinclərini bölüşüb, bu xoşbəxt günü onlara yaşadanlara təşəkkür ediblər.

ANAMA mütəxəssisləri sakinlərlə maarifləndiri söhbətlər aparıb, şübhəli əşyalar gördükdə uzaq durmalarını tövsiyə ediblər.

Xatırladaq ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi azərbaycanlıların kompakt yaşadığı yaşayış məntəqələrindən biri olub. Qəsəbədə ilk məskunlaşma XVIII–XIX əsrlərdə Qarabağ xanlığı dövründə formalaşıb. Sovet dövründə (1923-cü ildən sonra) Xankəndi vilayət mərkəzinə çevrildikdən sonra Kərkicahan azərbaycanlıların kompakt yaşadığı qəsəbə kimi tanınıb. 28 dekabr 1991-ci ildə Kərkicahan qəsəbəsi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Kərkicahan qəsəbəsi Azərbaycan Ordusunun nəzarətinə keçib.