20 dekabr 2025 15:00
86

Gürcüstanda 60-dan artıq azərbaycanlı tələbə dövlət təqaüdünə layiq görülüb

Gürcüstanda 60-dan artıq azərbaycanlı tələbə dövlət təqaüdünə layiq görülüb.

“İki sahil” xəbər verir ki, bu münasibətlə ölkədə təhsil alan, dövlət təqaüdünə layiq görülən azərbaycanlı tələbələrlə Tbilisidə görüş keçirilib. Gürcüstanın müxtəlif dövlət universitetlərində təhsil alan bu tələbələr təhsildə əldə etdikləri yüksək nailiyyətlərə görə dövlət təqaüdü ilə mükafatlandırılıb.

Gürcüstan Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən görüşdə mükafatlandırma mərasimi keçirilib. Tədbirdə təqaüd qazanan tələbələrə sertifikatlar təqdim olunub, onların təhsil sahəsindəki uğurları yüksək qiymətləndirilib. Mərasimdə çıxış edənlər gənclərin elmi və akademik nailiyyətlərinin gələcəkdə Gürcüstan–Azərbaycan əlaqələrinin inkişafına töhfə verəcəyini vurğulayıb, tələbələrə təhsillərində daha böyük uğurlar arzulayıblar.

Qeyd olunub ki, belə tədbirlər gənclərin motivasiyasının artırılmasına, eləcə də Gürcüstanda yaşayan azərbaycanlı icmasının təhsil sahəsində fəallığının təşviqinə xidmət edir.