Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən təşkil olunan “Zəfər” elm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, idarənin struktur bölmə rəhbərləri, Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının rayon-şəhər komitələrinin sədrləri, müsabiqədə fərqlənən şagirdlər, onların təhsil aldığı məktəblərin rəhbərləri və fənn müəllimləri iştirak ediblər.
“İki sahil” xəbər verir ki, regional İdarədən bildirilib ki, tədbirlərdə çıxış edənlər müsabiqənin əhəmiyyətindən bəhs edərək, bilik yarışlarının şagirdlərin intellektual inkişafına, yaradıcı təfəkkürünün formalaşmasına və onların elmi fəaliyyətə marağının artırılmasına mühüm töhfə verdiyini vurğulayıb, qalibləri əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, onlara növbəti müsabiqələrdə uğurlar arzulayıblar.
Müsabiqə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Zəfərin əbədiləşdirilməsi, eləcə də yaradıcı təfəkkürü ilə seçilən istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə təşkil edilib. Müsabiqənin nəticələrinə əsasən, 20 şagird birinci, 27 şagird ikinci, 48 şagird isə üçüncü yeri tutub. Müsabiqənin qaliblərinə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin diplomları, həmçinin Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının rayon-şəhər komitələri tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
Ağdaş, Ağsu, Göyçay, Ucar rayonlarında IX–XI sinif şagirdləri ilə görüşlər keçirilib