19 dekabr 2025 17:22
106

Neft Fondunun 2026-cı il üçün büdcə layihəsinin Prezidentə təqdim olunmasına qərar verilib

Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Baş nazir, ARDNF-nin Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Fondun 2026-cı il üzrə büdcə layihəsinin proqnoz göstəriciləri, o cümlədən, Fondun gəlirləri və vəsaitindən istifadənin əsas istiqamətləri, Fondun investisiya siyasəti, investisiya portfelinin valyuta tərkibi və gəlirliliyi, digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda ARDNF-in icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.

İclasın yekununda Fondun Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla qurumun 2026-cı il üçün büdcə layihəsinin ölkə Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.