19 dekabr 2025 14:55
137

Bakı Ali Neft Məktəbində akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi qeyd olunub

SOCAR-ın Bakı Ali Neft Məktəbində akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov akademik Yusif Məmmədəliyevin elmi irsi, Azərbaycan elminin inkişafındakı mühüm xidmətləri və milli kadrların hazırlanmasında oynadığı müstəsna roldan bəhs edib.

Rektor bildirib ki, Bakı Ali Neft Məktəbində akademik Yusif Məmmədəliyevin adı daim uca tutulur və onun elmi irsini layiqincə davam etdirmək gənclərin üzərinə düşən mühüm vəzifələrdən biridir. Elmar Qasımov qeyd edib ki, bu il Bakı Ali Neft Məktəbində Prezident təqaüdünə layiq görülən tələbələrdən 10 nəfəri Kimya mühəndisliyi ixtisasının tələbəsidir ki, bu da yüksək bilikli gənclərin bu sahəyə artan marağının göstəricisidir.

Rektor, həmçinin, BANM-də akademik Yusif Məmmədəliyev adına təqaüd proqramının təsis edildiyini diqqətə çatdıraraq bildirib ki, bu təqaüd hər il Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan akademik göstəriciləri yüksək 2 tələbəyə təqdim olunacaq.

Tədbir çərçivəsində Kimya mühəndisliyi ixtisasının V kurs tələbələri Əbil Şəfiyev və Şamil Fərzalızadə “Akademik Yusif Məmmədəliyev adına təqaüd”ün ilk qalibləri elan olunub.

Tədbirdə akademik Yusif Məmmədəliyevin qızı, professor, Əməkdar incəsənət xadimi Sevda Məmmədəliyeva çıxış edərək atasının həyatı və fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb. O qeyd edib ki, akademikin elmi və ictimai xidmətləri ölkə rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilib və yubiley tədbirləri hər zaman yüksək səviyyədə təşkil olunub.

Sonra BANM-in Kimya mühəndisliyi ixtisasının II kurs tələbəsi Əsmər Eyvazlı “Yusif Məmmədəliyev tələbələrin gözü ilə” mövzusunda çıxış edib.

Ardınca Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun icraçı direktoru, Texnika elmləri doktoru Nizami Mürsəlov akademikin elmi fəaliyyətinə dair məruzə edib.

Sonra Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə Akademik Yusif Məmmədəliyevin heykəlinin açılış mərasimindən hazırlanmış qısa videoçarx nümayiş etdirilib.

Tədbirdə, həmçinin, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, professor İradə Hüseynova çıxış edib.

Tədbir Heydər Əliyev Fondu tərəfindən çəkilmiş akademik Yusif Məmmədəliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli filmin nümayişi ilə yekunlaşıb.

Akademikin 120 illik yubileyi çərçivəsində onun həyat və yaradıcılığının müxtəlif dövrlərini əks etdirən fotosərgi də təşkil edilib.