19 dekabr 2025 12:49
91

Kistoz fibroz xəstələrinin dərman təminatı artıq qeydiyyatda olduqları ərazi poliklinikalarında həyata keçirilir

“2025-ci ildən etibarən kistoz fibroz xəstələrinin tibbi təminatında əlavə bir yenilik həyata keçirilib. Belə ki, mukovissidoz xəstələrində qidalı maddələrin sorulmasında olan defisiti kompensasiya etmək məqsədilə balanslaşdırılmış tibbi enteral qida məhsullarının təminatına   başlanıb”.

Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. O bildirib ki, kistoz fibroz xəstələrinin dərman təminatı artıq qeydiyyatda olduqları ərazi poliklinikaları vasitəsilə həyata keçirilir:
 
“Ölkə üzrə 77 nəfər kistoz fibroz xəstəsi qeydiyyatdadır ki, onlardan 70 nəfəri 18 yaşa qədər uşaqlar, 7 nəfəri isə 18 yaşdan yuxarı şəxslərdir.
 
2025-ci ilədək ölkədə bütün kistoz fibroz xəstələrinin, o cümlədən 18 yaşdan yuxarı şəxslərin dərman təminatı Respublika Pediatriya Mərkəzi tərəfindən həyata keçirilirdi. Bu isə xüsusilə regionlarda yaşayan xəstələr üçün uzun məsafə qət etmək, vaxt itkisi və əlavə çətinliklər yaradırdı. 2025-ci ildən başlayaraq yeni yanaşma tətbiq edilir. Belə ki, 18 yaşdan yuxarı kistoz fibroz xəstələrinin dərman təminatı artıq qeydiyyatda olduqları ərazi poliklinikaları vasitəsilə həyata keçirilir. Bu dəyişiklik xəstələrə daha əlçatan, operativ və rahat tibbi xidmət göstərilməsinə imkan yaradıb”.

Yaqut Ağaşahqızı, "İki sahil"