19 dekabr 2025 12:45
67

3 böyük xəstəxananın əsaslı yenidən qurulması işləri davam edir

Tibb müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə bir sıra əsaslı təmir-tikinti layihələri həyata keçirilir və planlaşdırılır.
 
Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. V.Qurbanov qeyd edib ki, sözügedən fəaliyyət çərçivəsində istismara yararsız vəziyyətdə olan binaların yenidən qurulması, modul tipli tibb məntəqələrinin quraşdırılması, mühəndis-kommunikasiya sistemlərinin yenilənməsi üçün zəruri işlər görülür:
 
“Hazırda Nərimanov Tibb Mərkəzinin, Kliniki Tibbi Mərkəzin, Respublika Klinik Xəstəxanasının əsaslı yenidən qurulması işləri davam edir.
 
Laçın Rayon Mərkəzi Xəstəxanasının müvəqqəti yerləşdirilməsi məqsədilə Laçın şəhərində yerləşən mövcud binanın əsaslı təmiri başa çatıb və istifadəyə verilib.
 
Bakı şəhərində yerləşən 50 tibb müəssisəsində rentgen və flüoqrafiya otaqlarında, həkim idarəetmə və köməkçi otaqlarda bioloji müdafiə sistemlərinin yaradılması məqsədilə əsaslı təmir işləri həyata keçirilir”.

İcraçı direktor bildirib ki, Azərbaycan Respublikasında ilkin tibbi-sanitariya yardımının gücləndirilməsi istiqamətində  Bərdə rayonu ərazisində kənd həkim və tibb məntəqələrinin modul tipli avadanlıq, inventar daxil olmaqla quraşdırılması işləri icra olunur.
 
O, eyni zamanda qeyd edib ki, 28 saylı Şəhər Poliklinikasının əsaslı təmiri, eləcə də 132 tibb müəssisəsində rentgen və flüoqrafiya, həkim idarəetmə və köməkçi otaqlarda bioloji müdafiə sistemlərinin yaradılması məqsədilə əsaslı təmir işlərinin aparılması planlaşdırılır:
 
​ “Qubadlı rayonu ərazisində sendviç panel konteyner - modul tipli xəstəxananın quraşdırılması da planlaşdırılan layihələrdəndir. Eləcə də Sumqayıt şəhərində yerləşən 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin, eləcə də Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının əsaslı təmiri və yenidən qurulması icra olunacaq əsas layihələr sırasındadır”.