18 dekabr 2025 13:13
153

Azərbaycan və Oman aqrar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalaya bilər

Azərbaycan və Oman arasında aqrar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalana bilər.

“İki sahil” bu barədə Kənd Təsərrüfatı Nazirliyinə (KTN) istinadla xəbər verir.

Məlumata görə, qurumda Azərbaycanda səfərdə olan Omanın iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Əl-Saqrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazir Məcnun Məmmədov iki ölkə arasında əməkdaşlığın inkişafı üçün böyük potensial olduğunu deyib. O, qeyd edib ki, keçirilən müzakirələr Azərbaycanla Oman arasında əməkdaşlıq perspektivlərini araşdırmağa və yeni tərəfdaşlıq yaratmağa imkan verir.

Nazirin sözlərinə görə, sahibkarlar arasında əlaqələri gücləndirmək, ixrac yönümlü məhsullar haqqında müntəzəm məlumat mübadiləsi aparmaq, hər iki ölkədə keçirilən beynəlxalq sərgilərdə qarşılıqlı iştirak imkanlarını araşdırmaq vacibdir. M.Məmmədov iki ölkə arasında konkret sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün hüquqi bazanın formalaşdırılmasının vacib olduğunu vurğulayıb.

Omanlı nazir isə bildirib ki, ölkəsi Azərbaycanla ticarət əlaqələrini genişləndirməyi və kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini artırmağı vacib hesab edir. Bunun üçün əməkdaşlığın hüquqi əsaslarının formalaşdırılmasını təklif edən nazir KTN ilə Omanın Kənd Təsərrüfatı, Balıqçılıq və Su Ehtiyatları Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalamaq təklifini dəstəklədiyini bildirib.

Görüşdə azad olunmuş ərazilərdə kənd təsərrüfatının səmərəli təşkilinə dair layihələr, balıqçılıq, texnologiya transferi, təcrübə mübadiləsi və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.