İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ümumilikdə müstəqilliyimizin bərpasından, xüsusilə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra demokratik, hüquqi, sivil dövlət quruculuğu yolunu tutan Azərbaycanın qeyd olunan istiqamətlərdə atdığı addımlar, malik olduğu təcrübə beynəlxalq səviyyədə təqdir edilir. İnsan amilinə dəyər daim müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və bugünümüzə, gələcəyimizə hesablanmış siyasətinin əsasını təşkil etmişdir. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırdı. Demokratik, hüquqi dövlət quruculuğu istiqamətində mühüm, fundamental islahatlar həyata keçirən Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri, insan hüquq və azadlıqlarının qorunmasına göstərdiyi diqqət humanizm, mərhəmət və insanpərvərlik kimi ülvi dəyərlərin təcəssümüdür. Son 22 ildə Ümummilli Liderin humanizm, mərhəmət və insanpərvərlik ənənələrinin davam etdirilməsinin əsas göstəricilərindən birini cəzadan azad olunan şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inam təşkil edib. Bu möhkəm təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyev suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək 15 dekabr 2025-ci il tarixində amnistiya elan edilməsi təşəbbüsünü irəli sürdü. Bu cür humanist ənənənin davamı o deməkdir ki, demokratik inkişafın əsas istiqamət kimi diqqətdə saxlanıldığı bugünkü Azərbaycanda vətəndaşların hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur. Multikultural və tolerant dövlət kimi humanizm siyasəti beynəlxalq aləmdə dəstəklənən, təbliğ edilən Azərbaycanda vətəndaşlara göstərilən xüsusi diqqət və qayğı bir daha təsdiqləyir ki, ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi, hüquqi islahatların, qəbul olunan qərarların əsasını humanist prinsiplər təşkil edir. Bu baxımdan azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı Prezident sərəncamlarının imzalanması, eləcə də Amnistiya aktlarının qəbul olunması xüsusi əhəmiyyətə malikdir.
Vüqar Rəhimzadə vurğulayıb ki, 1995-ci ildən etibarən qəbul edilən 12 Amnistiya aktı 130 mindən artıq şəxsə şamil edilib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan Amnistiya aktı 17 mindən artıq nəfərə şamil olunmuşdur. Yeri gəlmişkən onu da qeyd edək ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 Əfv fərmanı imzalanıb, həmin dövrdə 7 Amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev isə 2003-2025-ci illər ərzində 39 Əfv sərəncamı imzalayıb, həmin dövrdə 5 Amnistiya aktı qəbul edilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı olarkən irəli sürdüyü təşəbbüs ilə 2007, 2009, 2013 və 2016-cı illərdə Amnistiya aktı qəbul edilib.
Millət vəkili bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin və humanizmə sadiqlik ənənələrinin əsas məqsədi insanpərvərlik dəyərlərinə böyük önəm vermək, sağlam cəmiyyət formalaşdırmaqdır. İmzalanan əfv sərəncamları, qəbul edilən amnistiya aktları törətdikləri müxtəlif cinayətlərə görə azadlıqdan məhrum edilmiş məhkumların cəmiyyət üçün yararlı vətəndaşa çevrilmələri naminə yaradılmış imkanların ən ümdəsidir. Humanizm prinsiplərinə söykənən bu addımların cəmiyyət tərəfindən yüksək dəyərləndirilməsi ölkəmizdə söz azadlığının, plüralizmin, dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq Konstitusiyamızda bütün vətəndaşlara qarşı eyni münasibətin, dəyərin ifadəsidir. Prezident İlham Əliyevin təklifi əsasında Amnistiya aktının şamil ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Belə ki, Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Vüqar Rəhimzadə qeyd edib ki, sözügedən Amnistiya aktının layihəsinə əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.
Milli Məclisin deputatı vurğulayıb ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qalib, bütövləşən Azərbaycanın vətəndaşı olmasından qürur hissi keçirir. Azərbaycan dünya miqyasında siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır, nüfuz qazanır. Yeniləşmə, təkmilləşmə, zamanın tələblərinə uyğun islahatlar dayanıqlı inkişafın əsasıdır. Günümüzün reallıqları bir daha təsdiqləyir ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində vətəndaş amili dayanır, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır.