17 dekabr 2025 02:36
124

Hədəf dəyişməzdir

Gələn il 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunacağı, o cümlədən, 170 minə yaxın şəxsin işlə təminatına dəstək veriləcəyi gözlənilir

Müasir dövrdə qlobal iqtisadiyyatda baş verən texnoloji inkişaf, rəqəmsallaşma və demoqrafik dəyişikliklər Azərbaycanın əmək bazarının strukturunda və peşə tələblərində əhəmiyyətli transformasiyaya səbəb olur. Texnoloji trendlər ənənəvi peşələrin aktuallığını itirməsinə, eyni zamanda, yeni və yüksək ixtisas tələb edən sahələrin yaranmasına səbəb olur. Bu da karyera dəyişikliyini müasir əmək bazarında təbii bir prosesə çevirir. Yeni iqtisadi çağırışlar fonunda işsiz əhalinin sosial müdafiəsinin daha təkmil və dayanıqlı mexanizmlər əsasında qurulması zərurətə çevrilib. Bu baxımdan, ölkəmizdə həyata keçirilən kompleks islahatlar nəticəsində məşğulluq imkanları artmaqdadır. Bunun nəticəsidir ki, ölkəmizdə işsizlik və yoxsulluğun səviyyəsi sürətlə azalaraq 5,5 faizə düşmüşdür. Sosial ödənişlərdə isə dəfələrlə artımlar edilmişdir. Həmçinin bu ilin 11 ayında 532 min 700 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin məlumatına görə, onlardan 177 min şəxs münasib işlərlə təmin olunub, 16 min 500 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaq üçün özünüməşğulluq proqramına cəlb olunub. Yanvar-noyabr aylarında 17 min 200 işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 322 min şəxsə peşəyönümlü xidmətlər göstərilib.

Ölkəmizdə İşsizlikdən Sığorta Fondunun yaradılması müvafiq sığorta ödənişləri ilə yanaşı, aktiv məşğulluq tədbirlərinin genişləndirilməsində, məşğulluq xidmətlərinin inkişaf etdirilməsində də mühüm rola malikdir. İşsizlikdən Sığorta Fondunun 2026-cı il üzrə gəlirləri 2025-ci ilin təsdiq edilmiş göstəricisindən 31,9 milyon manat, yaxud 15,5 faiz çox olmaqla 238,3 milyon manat həcmində nəzərdə tutulur. Fondun 2026-cı il üzrə xərclərinin 266,4 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da cari ilin təsdiq edilmiş göstəricisindən 5,7 milyon manat və ya 2,2 faiz çoxdur. Proqnozlaşdırılan xərclər özünüməşğulluq proqramının, peşə hazırlığı və əlavə təhsilin, haqqı ödənilən ictimai işlərin təşkilinə, işsizliyə görə sığorta ödənişlərinə, peşəyönümü məsləhət xidmətlərinin göstərilməsinə, peşə standartlarının hazırlanmasına, sosial iş yerlərində əməkaqqının bir hissəsinin maliyyələşdirilməsinə, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsinə və digər aktiv məşğulluq tədbirlərinə yönəldiləcək. Həmin xərclərin işsizliyə görə sığorta ödənişləri, həmçinin özünüməşğulluq proqramının icrası, peşə hazırlığı, haqqı ödənilən ictimai işlərin və əlavə təhsilin təşkili, peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi, peşə standartlarının hazırlanması, sosial iş yerlərində əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi, sosial müəssisələrin yaradılması, məqsədli proqramların həyata keçirilməsi və digər aktiv məşğulluq tədbirlərinə yönəldilməsi nəzərdə tutulur.

Ümumilikdə, gələn il İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir. O cümlədən 2026-cı ildə 170 minə yaxın şəxsin işlə təminatına dəstək veriləcək. Ötən dövrdə 111 min şəxs özünüməşğulluq proqramına cəlb edilib onlar üçün proqramın dəstəyi ilə kiçik bizneslər yaradılıb. Gələn il də aktiv məşğulluq tədbirlərindən olan özünüməşğulluq proqramı davam etdiriləcək. Növbəti ildə 15 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur. Onlardan 8 mini üçün fondun vəsaiti hesabına, 7 mini üçün isə Dünya Bankı layihəsi çərçivəsində kiçik ailə təsərrüfatları qurulacaq.

Bu gün əminliklə deyirik ki, Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində insan amili dayanır. Təsadüfi deyil ki, 2018-2025-ci illər ərzində həyata keçirilən 5 böyük sosial islahat paketi 4 milyon vətəndaşı əhatə edib və həmin ayrılan illik əlavə vəsait 7 milyard 600 milyon manat təşkil edib. Qeyd olunan dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə, orta aylıq pensiya 2,6 dəfə artıb. Dövlət sosial müavinət və təqaüd ödənişləri 5 dəfə artaraq 1,9 milyard manata yüksəlib. Ünvanlı sosial yardımın orta məbləği 2,5 dəfə, yaşayış minimumu 65 faiz, ehtiyac meyarı isə 2,2 dəfə artırılıb. Ötən müddət ərzində əmək müqavilələrinin sayı 41 faiz artaraq 1 milyon 851 minə çatıb. Ölkə üzrə əməkhaqqı fondu isə 3,2 dəfə artıb. Bunun da böyük hissəsi özəl sektorun payına düşüb. Həmin göstəricilər ölkəmizin sosial sahədə həm miqyas, həm də keyfiyyət baxımından əhəmiyyətli nailiyyətlərini nümayiş etdirir. Eləcə də, postmüharibə dövründə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi diqqət mərkəzində olub, 132 min şəxsə 400 mindən çox xidmət göstərilib. Bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan müavinət və təqaüdlər orta hesabla 2 dəfədən çox artırılıb. Bu dövr ərzində şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə 6 min 800 mənzil verilib, 28 min nəfər məşğulluq tədbirlərlə cəlb edilib, 11 min nəfərə 89 min sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilib. Bütün bunlar bir daha təsdiq edir ki, ölkəmizdə əhalinin rifahının dayanıqlılığını gücləndirməyə yönəlmiş kompleks məşğulluq tədbirləri davamlı olaraq genişlənir.

Sevinc Azadi, “İki sahil”