Yeni il ərəfəsində valideynlər uşaqları Şaxta baba, Qar qız və digər xəyali obrazların varlığına inandıraraq bayram ab-havasını daha da gücləndirməyə çalışırlar. Ənənəyə çevrilmiş bu davranış uşaqların psixologiyasına həm müsbət, həm də mənfi təsirlər göstərə bilər.
Müsbət tərəfdən, xəyali obrazlara inanmaq uşaqlarda yaradıcılığın, təxəyyülün və emosional zənginliyin formalaşmasına kömək edir. Bu cür simvollar uşaqların xəyal dünyasını genişləndirir, onlarda bayram, xeyir və şər anlayışlarının mənimsənilməsinə təkan verir. Eyni zamanda, Şaxta baba kimi obrazlarla bağlı ritual və ənənələr ailədaxili münasibətləri möhkəmləndirir, uşaqlarda bayram həyəcanı və pozitiv emosiyalar yaradır. Qeyd edək ki, bu kimi bayram obrazları həm də mədəni irsin bir hissəsidir. Bir çox ailələr Şaxta baba və Qar qızı uşaqlara təqdim etməklə onlarda bayram ənənələrinin davamlılığını qoruyur. Bu cür ənənələr uşaqlarda aidiyyət hissini gücləndirir, ailə və cəmiyyət dəyərlərinə bağlılığı artırır.
Bununla yanaşı, bəzi mütəxəssislər uşaqları uzun müddət qeyri-real varlıqlara inandırmağın müəyyən risklər daşıdığını deyirlər. Araşdırmalara görə, həqiqəti öyrəndikdə bəzi uşaqlarda qısa müddətli məyusluq, çaşqınlıq və valideynlərinə qarşı etimad pozuntusu yarana bilər. Bu, xüsusilə həssas və emosional uşaqlarda daha qabarıq şəkildə özünü göstərə bilər. Psixoloqlar xəbərdarlıq edirlər ki, doğru an seçilmədikdə uşağın reallıqla xəyal aləmini ayırd etməsi çətinləşə bilər.
Uşaq psixoloqları valideynlərə balanslı yanaşma təklif edir. Uşağın təxəyyülünü dəstəkləmək, lakin onda aldatmaq hissini yaratmamaq. Mütəxəssislərə görə, ən doğru yol uşağın yaşına uyğun şəkildə bu obrazları bayram ənənəsinin bir parçası kimi təqdim etməkdir. Bu, həm uşağın xəyal dünyasını qoruyur, həm də sonradan yaranacaq məyusluğun qarşısını alır. Ümumilikdə, Şaxta baba və Qar qız kimi simvollar uşaqlar üçün xoş xatirələr yaradır. Lakin valideynlərin uşağın psixoloji xüsusiyyətlərini nəzərə alaraq düzgün yanaşması mühüm rol oynayır. Mütəxəssislərin sözlərinə görə, əsas məsuliyyət valideynlərin üzərinə düşür. Onlar bildirirlər ki, uşağın inkişaf mərhələsi nəzərə alınmadan verilən məlumatlar həm müsbət, həm də mənfi təsir gücünə malikdir. Kiçik yaşlarda onlara xəyali obrazların təqdim olunması normal hesab olunur. Çünki 3-6 yaş arası uşaqlar təxəyyülü reallıqdan tam ayırd edə bilmir. Lakin yaş artdıqca uşaqların sualları da konkretləşir və bu mərhələdə valideynin dürüst, amma yumşaq izahı daha uyğun hesab olunur.
Psixoloqlar vurğulayırlar ki, hər uşaq fərqli emosional təmkinə malikdir. Bəziləri həqiqəti öyrəndikdə bunu təbii proses kimi qəbul edir, digərləri isə qısa müddətli məyusluq yaşayır. Bu səbəbdən valideynlərin uşağın davranışını müşahidə etməsi, onun hisslərinə diqqət yetirməsi tövsiyə edilir. Əgər uşaq suallar verirsə, bu o deməkdir ki, artıq həqiqətə psixoloji olaraq hazır olduğu düşünülə bilər.
Şahnigar Əhmədova, "İki sahil"