08 dekabr 2025 17:19
149

Prezident Kitabxanasında professor Mahirə Hüseynovanın “Missiya” kitabının təqdimatı keçirilib

Dekabrın 8-də Prezident Kitabxanasında filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Missiya” adlı monoqrafiyasının təqdimatı keçirilib.

“İki sahil” xəbər verir ki, kitabda Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti, elm, maarif, mədəniyyət və dil siyasətindəki xidmətləri sistemli şəkildə təhlil olunub. Monoqrafiyada ədəbiyyat və dilçilik prizmasından yanaşılaraq Heydər Əliyevin Azərbaycan dilinin inkişafı, onun dövlət dili səviyyəsinə qaldırılması, ədəbiyyat və mədəniyyətin qorunması, milli kimlik və təhsil sahəsində atdığı addımlar elmi və tarixi kontekstdə təqdim olunub. Kitab, həmçinin milli maarifçilik, dövlətçilik və mədəni irsin qorunması baxımından dəyərli töhfədir.

Tədbiri açan Prezident Kitabxanasının direktoru professor Afət Abbasova kitabın Azərbaycan elmi və mədəni mühitindəki əhəmiyyətini vurğulayıb, müəllifin zəngin elmi fəaliyyətini və Azərbaycan dilinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib.

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, deputat Məlahət İbrahimqızı və başqaları çıxışlarında kitabın elmi əhəmiyyətini, Ulu Öndərin strateji rolunun əsərdə əks olunmasını və onun ideallarının indiki və gələcək nəsillər üçün əhəmiyyətini vurğulayıblar.