29 noyabr 2025 18:50
309

Abdulkadir Uraloğlu "Virat" tankerinə təkrar hücumu təsdiqləyib - YENİLƏNİB

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qara dənizdə VİRAT tankerinə şənbə günü edilən hücumun detalları barədə məlumat danışıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

"Novorossiysk limanına istiqamətlənən iki neft tankerindən biri, əvvəlki gün Türkiyənin Qara dəniz sahili yaxınlığında partlayışdan sonra alovlanan gəmi, şənbə səhəri yenidən dron hücumuna məruz qalıb", – deyə nazir bildirib.

Uraloğlunun sözlərinə görə, gəmi sağ bort hissəsində kiçik zədələr alıb, sabit vəziyyətdədir, heyət üzvləri xəsarət almayıb.

O əlavə edib ki, gəmiyə alov düşməyib. "Kapitan telefonla bizə müraciət edərək pilotsuz aparat hücumu baş verdiyini bildirdi. Sahil mühafizəsinin katerləri ora göndərildi", – məlumatda qeyd olunur.

Ötən gün hücuma məruz qalan "Kairos" tankerində isə daxili bölmələrdə yanğınsöndürmə işləri davam edir. Xarici hissədə alov söndürülüb. Uraloğlu bildirib ki, yanğın tam söndürüldükdən sonra hər iki gəmi, yəqin ki, ən yaxın limana yedəklənəcək.

***

Qambiya bayrağı altında üzən “Virat” neft tankeri yenidən Türkiyə sahilləri yaxınlığında pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl ötən gecə tankerdə yanğın baş verib. Onun pilotsuz uçuş aparatı ilə vurulduğu güman edilib. Gəmidə olan 20 nəfərlik heyət tam şəkildə təxliyə edilib.

NTV-nin məlumatına görə, şənbə günü tankerin sağ bortunda su xəttindən yuxarı hissədə pilotsuz dəniz aparatlarının yeni hücumu nəticəsində kiçik zədələr aşkar edilib.

Türkiyənin Nəqliyyat Nazirliyi tankerə hücum barədə məlumatı təsdiqləyib. “Gəmiyə səhər saatlarında yenidən hücum edilib, gəminin sağ bortunda kiçik zədə var. Mövcud məlumata görə, gəmidə yanğın yoxdur, heyətin səhhəti yaxşıdır. Xilasetmə qrupları gəmidən heç bir müraciət daxil olmadığı üçün təhlükəsiz məsafədə gözləyirlər”, – qurumun açıqlamasında bildirilib.