İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Belçikanın Antverpen şəhərində Federal Hökumət Evində “Azərbaycanda biznes mühitinin gücləndirilməsi: sərmayələr, islahatlar və innovasiya” mövzusunda konfransda çıxış edib. Konfrans Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin dəstəyi ilə təşkil olunub.
“İki sahil” xəbər verir ki, konfransda 50-dən çox iştirakçı, o cümlədən dövlət və hökumət nümayəndələri, Antverpen biznes dairələrinin təmsilçiləri və nüfuzlu iş adamları iştirak ediblər. Tədbirin məqsədi sahibkarlıq subyektlərinə Azərbaycanın iqtisadi rayonlarının investisiya imkanlarını və biznes perspektivlərini təqdim etmək, həmçinin dövlət-özəl tərəfdaşlığı modeli üzrə müzakirələr aparmaq olub.
Açılış nitqi çıxış edən Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Vaqif Sadıqov Azərbaycanda əlverişli biznes mühiti ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün bu cür konfransların keçirilməsinin vacibliyini vurğulayıb.
Vüsal Qasımlı çıxışında Azərbaycanın qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı, bərpa olunan enerji, rəqəmsal iqtisadiyyat və sənaye istehsalı üzrə geniş investisiya potensialı barədə məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, hazırda ölkənin sənaye zonaları 1540 hektar ərazini əhatə edir və burada 161 rezident fəaliyyət göstərir. Bu zonalara indiyədək 4,6 milyard ABŞ dolları həcmində investisiya yatırılıb və 18 000-dən çox iş yeri yaradılıb. 2024-cü ildə sənaye zonalarında ümumi istehsal həcmi 1,943 milyard ABŞ dolları, ixrac isə 629 milyon ABŞ dolları təşkil edib.
İİTKM-in icraçı direktoru vurğulayıb ki, Azərbaycanın gömrük və ticarət siyasətində həyata keçirilən islahatlar xarici ticarətin genişlənməsinə və ixrac imkanlarının artırılmasına şərait yaradır. İndiyədək Azərbaycan 12 ölkə ilə azad və preferensial ticarət sazişi, 49 ölkə ilə ikitərəfli investisiya sazişi, 57 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması üzrə razılaşma imzalayıb. Bu hüquqi baza investorlara yüksək səviyyədə təminat yaradır və regional bazarlara çıxışı asanlaşdırır.
Bakıdan 4 saatlıq uçuş radiusu 38 ölkəni əhatə etməklə dünya əhalisinin yarısına birbaşa çıxış imkanı yaradır və bu üstünlük Azərbaycanın logistika və xidmət sektorunda regional mərkəz kimi rolunu artırır.
Vüsal Qasımlı Azərbaycanın ticarət siyasətinə toxunaraq bildirib ki, gömrük və vergi mühitində həyata keçirilən islahatlar ölkənin ticarət dinamikasına mühüm təsir göstərib. O vurğulayıb ki, 300 adda aralıq məhsulun idxal gömrük rüsumlarından azad edilməsi barədə qəbul edilən qərar həm ixracın artmasına, həm də yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradıb. Xarici və yerli investorlar üçün bərabər hüquqlar, kapital və valyuta əməliyyatlarına məhdudiyyətin olmaması və əlverişli hüquqi çərçivə Azərbaycanı regionun ən rəqabətədavamlı investisiya mühitinə malik ölkələrdən birinə çevirir.
Panel müzakirələrində Avropa İttifaqı əlaqələri üzrə baş məsləhətçi Lük Van Luveren, nəqliyyat, logistika və informasiya texnologiyaları üzrə məsləhətçi Mark Şerlink, Antverpen Limanının sabiq rəhbəri Mark Van Pil, Avropa Təchizat Zənciri üzrə mütəxəssis Aleks Van Bridam çıxış ediblər.
Konfrans zamanı tərəflər qarşıdakı dövr üçün əməkdaşlıq istiqamətlərini ətraflı müzakirə edib, müxtəlif sahələr üzrə birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Danışıqlar çərçivəsində investisiya, maliyyə, ticarət, sahibkarlığın inkişafı, nəqliyyat və logistika kimi prioritet sahələrdə tərəfdaşlıq imkanları nəzərdən keçirilib.
Vüsal Qasımlı Avropanın ikinci ən böyük dəniz ticarət limanı olan Antverpen Limanına səfər edib və əməkdaşlıq imkanları barədə müzakirələr aparıb