20 noyabr 2025 12:15
383

YAP-ın 33 illiyi Daşkəsəndə də qeyd olunub - FOTO

Yeni Azərbaycan Partiyasının təsis edilməsi ilə əlaqədar Daşkəsən rayonunda tədbir keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi və Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.

Daha sonra iştirakçılar Daşkəsən rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto və eksponasiyalarla tanış olublar.

YAP Daşkəsən rayon təşkilatında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov bildirib ki, müasir Azərbaycanın bütün sahələrdəki böyük nailiyyətləri və erməni işğalçıları üzərində qazanılmış tarixi Zəfər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun nəticəsidir. Bu gün Yeni Azərbaycan Partiyasının 33-cü ildönümü dünyada söz sahibi olan qalib bir dövlətdə qeyd olunur və bu, hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir. Prezident İlham Əliyevin sədrliyi ilə YAP Qafqazın ən güclü siyasi təşkilatı olaraq ölkənin milli maraqlarına xidmət edir və 740 mindən artıq vətəndaşı öz ətrafında birləşdirir.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müdrik ideyaları, siyasi iradəsi və uzaqgörən qərarları nəticəsində formalaşan Yeni Azərbaycan Partiyası bu günə qədər şərəfli və zəngin bir inkişaf yolu keçmişdir. Ölkəmizin ən güclü və təşkilatlanmış siyasi qüvvəsi kimi tanınan YAP öz fəaliyyətində daim milli maraqları prioritet hesab edərək, dövlətçilik ənənələrinin qorunmasına və möhkəmləndirilməsinə töhfə verir. Bu gün həmin milli maraqlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ən yüksək səviyyədə təmin olunur.

Tədbirdə YAP veteranları Cavanşir Qocayev və Sahib Əhmədov, partiya fəalları Rüfət Bədəlov və Nailə Məmmədova çıxış edərək partiyanın 33 illik fəaliyyəti ərzində əldə etdiyi uğurların hər bir üzv üçün qürur mənbəyi olduğunu qeyd ediblər.

Daha sonra YAP Daşkəsən rayon təşkilatının bir qrup veteran üzvünə hədiyyələr təqdim olunub.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.