18 noyabr 2025 09:52
40

Aqroturizm üzrə təlimlər keçirilib 

Dövlət Turizm Agentliyininin təşkilatçılığı ilə regionlarda turizm sahəsində ixtisaslaşmanı və xidmət keyfiyyətini artırmaq, yerli icmalarda məşğulluq imkanlarını genişləndirmək və turizm fəaliyyətinin dayanıqlılığını təmin etmək məqsədilə təlimlər təşkil olunub. 

“İki sahil” xəbər verir ki, Laçın, Zəngilan, Zaqatala və Qusarda yerli icma nümayəndələrinə “Qonaq evi idarəçiliyi” və “İctimai iaşə obyektlərinin fəaliyyətinin təşkili” mövzusunda keçirilən təlimlərdə qonaq evlərinin idarə edilməsi, xidmət keyfiyyəti, rəqəmsal platformalarda tanıdılma, marketinq və müştəri məmnuniyyətinin idarə olunması kimi praktiki bacarıqlar haqqında məlumat verilib. Layihə çərçivəsində təlimlərlə yanaşı, mentorluq dəstəyi təmin edilib, eyni zamanda ekspertlər tərəfindən qonaq evlərinin yerində qiymətləndirilməsi və potensial inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi həyata keçirilib. 

Təlimlər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı” və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində regionların turizm potensialının gücləndirilməsinə, “Turistik kənd” təşəbbüsünə və turizm potensialı yüksək olan bölgələrdə yerli icmaların turizm sahəsində bacarıqlarının artırılmasına töhfə vermək məqsədi daşıyır.