17 noyabr 2025 15:06
58

YAP Sumqayıt şəhər təşkilatı tərəfindən şəhid ailələrinin ziyarəti davam etdirilir

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinə ehtiram göstərmək məqsədilə şəhid ailələrinin ziyarətini davam etdirir. Bu çərçivədə təşkilatın nümayəndələri şəhid Quluyev Azər, Allahverdiyev Asiman və Abdalov Nurlanın ailələrini evlərində ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, görüşlər zamanı şəhidlərimizin müqəddəs xatirəsi ehtiramla yad olunub, ailə üzvlərinə dərin rəğbət və başsağlığı ifadə edilib. Partiya təmsilçiləri şəhid ailələrinin yaşayış şəraiti, gündəlik ehtiyacları və sosial məsələləri ilə maraqlanaraq onlara mənəvi dayaq olmağa çalışıblar. Bildirilib ki, Azərbaycanın hər bir vətəndaşı üçün şəhid ailələrinə qayğı göstərmək mənəvi borcdur və bu diqqət dövlət siyasətinin əsas yönlərindən birini təşkil edir.

YAP nümayəndələri qeyd ediblər ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən sosial siyasət çərçivəsində şəhid ailələrinin rifahı, sosial təminatı və psixoloji dəstəklə təmin olunması daim prioritetdir. Bu ziyarətlər də dövlətin şəhid ailələrinə olan dərin ehtiramının partiya səviyyəsində davamı kimi qiymətləndirilir.

Bununla yanaşı, YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında şəhid Mustafalı Əlizamin, Bayramov Səlimxan, Nuriyev Saleh, Quliyev Namiq, Məmmədzadə İlkin, Allahverdizadə Elnur, Hüseynov Cavad, Məmmədov Vüqar, Novruzov Elvin, Hüseynov Şirbala, Əliyev Elton, Əbdürəhmanlı Sabir, Əhmədəliyev Kərim, Əliyev Sərxan, Mədətov Zaur, Qorçuyev Anar və Əliyev Aydının ailə üzvləri ilə geniş tərkibli görüş keçirilib.

Binada baş tutan görüş zamanı şəhid ailələri ilə səmimi söhbətlər aparılıb, onların fikir və müraciətləri dinlənilib, gündəlik qayğıları ilə bağlı məsələlər diqqətlə qeyd olunub. YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, partiya ailəsi hər zaman şəhid ailələrinin yanında olmaqdan qürur duyur və bu istiqamətdə görülən işlər ardıcıl xarakter daşıyır. O vurğulayıb ki, şəhid ailələrinə göstərilən diqqət təkcə dövlətin deyil, həm də cəmiyyətin mənəvi borcudur.

Şəhid ailələri göstərilən qayğıya, diqqətə və dəstəyə görə Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, dövlətin və Yeni Azərbaycan Partiyasının hər zaman yanlarında olması onlara böyük mənəvi dayaqdır və bu, şəhidlərin ruhuna hörmətin bariz nümunəsidir.

Bu ziyarətlər və görüşlər bir daha təsdiqləyir ki, şəhidlərin xatirəsi xalqımız üçün müqəddəsdir və onların ailələrinə göstərilən diqqət ölkəmizin dəyişməz dəyər və prinsiplərinə əsaslanır.