16 noyabr 2025 19:33
137

Qusarçay çayının məcrası genişlənir, sahildəki evlərin uçmaq təhlükəsi yaranıb 

Qusarçay çayının məcrası genişlənir, sahildəki evlərin uçmaq təhlükəsi yaranıb 

Qusarın Balaqusar kəndinin yanından keçən Qusarçay çayı məcrasını dəyişərək 6 evi birbaşa təhlükə altına qoyub.

"İki sahil"in Şimal bürosu bildirir ki, sakinlərin sözlərinə görə, son 5 il ərzində çay təxminən 20 metr enində və 120 metr uzunluğunda torpaq sahəsini yuyub aparıb. Bu isə həm evlərin, həm də təsərrüfatların gələcək taleyi ilə bağlı ciddi narahatlıq yaradıb.

Çayla evlər arasındakı məsafə 1–5 metrə qədər azalıb. Sakinlər bildirirlər ki, vəziyyətin kritik olmasına baxmayaraq, onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də öz həllini tapmayıb.  Qusarın Balaqusar kəndində torpaq sürüşməsi təhlükəsi yenidən aktuallaşıb. Yerli sakinlərin sözlərinə görə, son günlər Qusarçayın məcrasını dəyişməsi nəticəsində çaykənarında yerləşən torpaq sahələri sürətlə yuyulub aparılır. Çayın istiqamətinin dəyişməsinə səbəbləri isə burada vaxtında bəndlərin çəkilməməsi, sol sahildə yerləşən kəndlərə suvarma suyunun aparılmasıdır. Sakinlər iddia edirlər ki, çayda möhkəmləndirmə və sahilbərkitmə işləri olmadığı üçün hər il eyni problem təkrarlanır və təhlükə daha da artır.

Kənd sakinlərinin bildirdiyinə görə, onlar dəfələrlə aidiyyəti qurumlara – xüsusilə də Qusar Rayon İcra Hakimiyyətinə müraciətlər ediblər. Lakin bu müraciətlərə baxmayaraq, problemin həlli üçün heç bir real addım atılmayıb. Nəticədə, çayın səviyyəsi qalxdıqda kənd camaatı üçün təhlükə kritik həddə çatır.

Sakinlər deyirlər ki, artıq bəzi torpaq sahələri tamamilə itirilib, bir neçə fərdi təsərrüfat isə uçqun riski ilə üz-üzədir. 
Qəza təhlükəsilə üzləşən sakinlərə bu dəfə də vəd verildi. Məsələ ilə bağlı Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Aslanşah Abuyevin bildirdiyinə görə, bu ilin sonunadək adıçəkilən ərazidə sahilbərkitmə işləri aparılacaq. İşin yubanmasına səbəbi işin görülməsi üçün tender qalibinin müəyyən olunmamasıdır. 

Sakinlər ümidvardırlar ki, iş bu ilin sonunadək görülsün. Yaza kimi özləri dözsə də, təbiətin gücünə qarşı çıxa bilməyəcəklər. 

Aydın Adıgözəlov,
Qusar, "İki sahil"in Şimal bürosundan