15 noyabr 2025 22:40
106

BSU-nun rektoru Varşavada dəyişən geosiyasi reallıqlar şəraitində Azərbaycanın regional liderliyindən danışıb

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Varşava Universitetində tələbələr qarşısında “Dəyişən geosiyasi reallıqlar şəraitində Azərbaycanın regional liderliyi” mövzusunda mühazirə ilə çıxış edib.

BSU-dan “İki sahil”ə bildirilib ki, rektor Anar Nağıyev mühazirəsində Zəfər Günü, Konstitusiyamızın 30 illiyi və Polşanın Müstəqillik Günü kimi əlamətdar tarixlərin önəmini vurğulayıb.

Anar Nağıyev Azərbaycanın coğrafi mövqeyinin nəzəri əsasları, regional liderlik rolu və etibarlı tərəfdaş kimi mövqeyi barədə danışıb, ölkəmizin Orta Dəhlizin mərkəzində yerləşərək qitələrarası körpü rolunu yerinə yetirdiyini qeyd edib.

Tarixi prosesləri – Gülüstan və Türkmənçay müqavilələrini, 1918-ci il Cümhuriyyətini və 1991-ci il müstəqillik dövrünü xatırladan rektor, Ulu Öndər Heydər Əliyevin ölkəmizi parçalanmadan xilas etməsindən də danışıb.

Onun çıxışında Hartland, Rimland, yeni dünya nizamı, sivilizasiyaların toqquşması kimi əsas geosiyasi nəzəriyyələr təhlil olunub, Azərbaycanın bu nəzəri çərçivələrdə tutduğu mövqe izah edilib. Rektor, həmçinin dövlətlərin coğrafiyası və qonşuluq siyasətinin inkişafda yaratdığı fərqləri müxtəlif nümunələrlə müqayisə edib.

Anar Nağıyev Azərbaycanın enerji layihələri, nəqliyyat dəhlizləri və İpək Yolunun mərkəzində yerləşməsi sayəsində qlobal əhəmiyyət daşıyan tərəfdaşa çevrildiyini vurğulayıb. Vətən müharibəsindən sonra regionda formalaşan yeni reallıqlar, sülhün Cənubi Qafqaz və türk dövlətləri üçün yaratdığı imkanlar da xüsusi qeyd olunub.

Rektor Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu – Qoşulmama Hərəkatına sədrliyini, COP29 və Qlobal Bakı forumlarının keçirilməsinin mühüm əhəmiyyətini vurğulayaraq, Azərbaycanın Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq münasibətləri yaratdığını bildirib.

Prezident İlham Əliyevin Xankəndi şəhərində keçirilən III Şuşa Qlobal Media Forumundakı çıxışına istinad edən rektor, coğrafi mövqeyi üstünlüyə çevirməyin əhəmiyyətini vurğulayıb.

Sonda rektor tələbələrin suallarını cavablandırıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.