12 noyabr 2025 20:35
139

Dövlət Statistika Komitəsində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasının 30 illiyinə həsr olunan təntənəli tədbir keçirilib

Dövlət Statistika Komitəsində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasının 30 illiyinə həsr olunan təntənəli tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdən öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Komitənin foyesində ucaldılan büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Tədbirin açılışında müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin, həmçinin bir gün öncə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olmuş hərbçilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Əvvəlcə Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 30 illiyinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Çıxış edən iştirakçılar bildiriblər ki, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratmış və onun inkişafına güclü təkan vermişdir. Azərbaycanın müasir tarixində dövlətçilik ənənələrinin bərpası və möhkəmləndirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunun aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratmışdır. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi əsaslarını təşkil edən, ölkənin müstəqilliyini hüquqi cəhətdən təsdiqləyən fundamental sənəd kimi tarixə düşmüşdür. Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış bu sənədin hər bir maddəsi onun Azərbaycanın gələcəyi ilə bağlı strateji baxışlarının təcəssümüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Konstitusiyada təsbit olunan bütün müddəaların təmin olunduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, İlham Əliyevin 2003-cü ildə ali vəzifəyə seçildiyi dövrdən başlayaraq qarşısına qoyduğu strateji hədəf Ali Qanunumuzun müddəalarının bütün ölkə ərazisində təmininə yönəlmiş, Vətən müharibəsi və ardınca antiterror əməliyyatı ilə Azərbaycan bütün ərazisində suverenliyini tam bərpa etmişdir.

Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 oktyabr 2025-ci il tarixli sərəncamı ilə statistika işinin təşkilində səmərəli fəaliyyətlərinə görə  təltif edilmiş Komitə əməkdaşlarına orden və medallar təqdim olunub. Təltif olunan əməkdaşlar dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.