Almaniyanın Maqdeburq şəhərində ötən il Milad yarmarkasında törədilən terror hücumu ilə bağlı məhkəmə prosesi başlayıb.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, terror aktını törətməkdə təqsirləndirilən şəxs, Səudiyyə Ərəbistanından olan Taleb Al-Abdulmohsen xüsusi təhlükəsizlik tədbirləri şəraitində məhkəməyə gətirilib. Məxsusi olaraq bu proses üçün inşa edilmiş müvəqqəti binada keçirilən iclasda zərərçəkmiş qismində 140 nəfər iştirak edib. Prosesin birinci günündə ittiham aktı elan olunub. Taleb Al-Abdulmohsenə qarşı 6 nəfəri qəsdən öldürmək, yüzlərlə şəxsi öldürməyə cəhd etmək və 300-dən çox insana təhlükəli xəsarət yetirmək ittihamı irəli sürülüb.
Məhkəmə prosesinin gələn ilin mart ayınadək davam edəcəyi, ümumilikdə 47 iclasın planlaşdırıldığı bildirilir.
Xatırladaq ki, Taleb Al-Abdulmohsenin 2024-cü il dekabrın 20-də yüksək sürətlə idarə etdiyi BMW X3 markalı avtomobili Maqdeburq şəhərindəki Milad yarmarkasında izdihamın üzərinə sürməsi nəticəsində 6 nəfər həlak olmuş, 300-dən çox insan xəsarət almışdı.