Braziliyanın Belen şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) açılış mərasimində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (BMT İDÇK) icraçı katibi Saymon Stil dünya liderlərini iqlim fəaliyyəti istiqamətində səyləri sürətləndirməyə və Paris Sazişinin həyata keçirilməsi naminə qüvvələri birləşdirməyə çağırıb.
“İki sahil” xəbər verir ki, çıxışında Saymon Stil qeyd edib: “On il əvvəl, Parisdə biz gələcəyi formalaşdırırdıq – elə bir gələcəyi ki, burada emissiyaların artım əyrisi, nəhayət, aşağıya doğru yönələcəkdi. Həmkarlar, bu gələcəyə xoş gəlmisiniz. Emissiyalar doğrudan da azalması bu kimi zallarda qəbul edilən qərarların, hökumətlərin qanunvericilik addımlarının və bazar reaksiyalarının nəticəsidir. Lakin qarşıda hələ çox iş var”.
Katibliyin rəhbəri vurğulayıb ki, dünya həm emissiyaların azaldılması, həm də iqlimə davamlılığın gücləndirilməsi sahəsində “daha sürətlə hərəkət etməlidir”. Onun sözlərinə görə, elmi məlumatlar qlobal istiləşməni 1,5°C səviyyəsində saxlamağın hələ də mümkün olduğunu göstərir.
“Təəssüf strategiya deyil. Bizə həll yolları lazımdır”, – deyə Stil bildirib və vurğulayıb ki, COP prosesi geniş beynəlxalq konsensus və çoxtərəfli əməkdaşlıq prinsipi üzərində qurulmalıdır. Necə ki, minlərlə qolu ilə qidalanan Amazon çayı vahid bir sistem yaradır.
Saymon Stil xatırladıb ki, dünya artıq bir sıra əsas razılaşmalara nail olub: fosil yanacaqlardan mərhələli şəkildə imtina, bərpaolunan enerji həcminin üçqat artırılması, qlobal adaptasiya məqsədi, eləcə də Texnologiyaların Tətbiqi Proqramının işə salınması barədə. Lakin Stil qeyd edib ki, bu öhdəlikləri real hərəkətə çevirmək vaxtıdır.
İcraçı katib iqlim maliyyələşməsi məsələsinə də xüsusi diqqət çəkib. O, ölkələri “Bakıdan Belena yol xəritəsi”ni həyata keçirməyə və iqlim təşəbbüslərinin dəstəklənməsi üçün 1,3 trilyon ABŞ dolları hədəfinə doğru irəliləməyə çağırıb.
“Hər bir qiqavat təmiz enerji havanın çirklənməsini azaldır və yeni iş yerləri yaradır. Hər bir davamlılıq addımı həyatları xilas edir və icmaları dəstəkləyir. Bu, XXI əsrin artım hekayəsidir, dövrümüzün iqtisadi transformasiyasıdır”, – deyə o vurğulayıb.
Çıxışının sonunda Saymon Stil nümayəndələri birliyə və qətiyyətə səsləyib: “COP30 arenasında sizin vəzifəniz bir-birinizlə mübahisə etmək deyil. Sizin vəzifəniz iqlim böhranına qarşı birgə mübarizə aparmaqdır. Paris Sazişi işləyir və real nəticələr verir. Amma biz daha cəsarətli olmalı və daha böyük məqsədlərə can atmalıyıq”.