09 noyabr 2025 23:59
85

BVF rəhbəri Avropanın daha çox ABŞ-nin maraqlarına xidmət etdiyi qənaətindədir

Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva hesab edir ki, hazırda Avropanın ehtiyatları ABŞ-ın maraqlarına xidmət edir.

“İki sahil” xəbər verir ki, icraçı direktor bu fikirlərini BTV-yə verdiyi müsahibəsində səsləndirib.

"Avropanın güclü elementi olan ümumi bazar dayanıb. Birincisi, bu bazar şirkətlərin qeydiyyatı üçün 28 müxtəlif rejim yaradıb, bu isə əlavə problemlərə səbəb olub", – deyə maliyyəçi bildirib.

"İkincisi, banklar arasında əməkdaşlıq qurmaq, kapital ittifaqı yaratmaq lazım idi, lakin hazırda ehtiyatlarımızın bir hissəsi başqa regionlarda, ilk növbədə, ABŞ-da işləyir. Biz isə istəyirik ki, vətəndaşlarımızın topladığı vəsaitlər bizim – avropalıların xeyrinə işləsin", – Georgiyeva davam edib: "Üçüncüsü, vətəndaşlarımızın peşə bacarıqlarına uyğun olaraq Aİ ölkələri arasında sərbəst hərəkət etməsini istəyirik, lakin onlar getdikləri hər ölkədə peşəkarlıqlarını sübut etməyə məcbur olurlar".

"Dördüncüsü, Avropanın həqiqətən, rəqabətqabiliyyətli olması üçün enerji sistemlərini birləşdirməliyik", – deyə o yekunlaşdırıb.