09 noyabr 2025 23:47
96

Pentaqon ABŞ Nəqliyyat Nazirliyinə öz aviasiya dispetçerlərini işə götürməyi təklif edib

ABŞ-ın müharibə naziri Pit Heqset federal hökumətin fəaliyyətinin dayandırılması (şatdaun) fonunda kadr çatışmazlığı səbəbindən hərbi hava dispetçerlərini ölkənin mülki hava limanlarına göndərməyi təklif edib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ nəqliyyat naziri Şon Daffi məlumat verib.

"ABŞ-ın müharibə naziri Pit Heqset dünən mənə mesaj göndərdi və bildirdi ki, onun bir neçə hava dispetçeri ola bilər və əgər mən onlara istifadə sahəsi tapa bilsəm, onları mənə təklif edəcək. Hələ bilmirəm, istifadə edə biləcəyəmmi, çünki onlar bizim ehtiyac duyduğumuz hava məkanlarında işləmək üçün sertifikatlaşdırılmayıb. Amma əgər mümkün olsa, onları işə cəlb edəcəyəm", – Daffi CNN telekanalına müsahibəsində deyib.

O əlavə edib ki, hazırda ABŞ-da təxminən 1-2 min hava dispetçerinə ehtiyac var və bu vəziyyət hökumət işə başlayandan sonra da davam edəcək.

"Şatdaundan bir gün əvvəl dörd hava dispetçerinin istefasını qəbul etmişdim, indi isə gündə 15-20 nəfər işdən çıxır. Bu səbəbdən şatdaundan sonra dispetçer sayını artırmaq mənim üçün daha çətin olacaq", – deyə o vurğulayıb.