08 noyabr 2025 15:43
100

Sumqayıtda Qələbənin beşinci ildönümü qeyd olunub

Sumqayıt Şəhidlər xiyabanında 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vurğulanıb ki, bu gün Azərbaycanın tarixində ən şərəfli, ən əlamətdar günlərdən biridir. İkinci Qarabağ müharibəsində qazanılan böyük Qələbə xalqımızın yenilməzliyinin, dövlətimizin qüdrətinin təntənəsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində tarixin möhtəşəm salnaməsini yaratdı. İşğal altında olan torpaqlar azad edildi, Azərbaycan xalqı qalib dövlət kimi bütün dünyada tanındı.

Torpaqlarımızın işğaldan azad olunması Ulu Öndər Heydər Əliyevlə başlanan, Prezident İlham Əliyevlə uğurla davam etdirilən inkişaf strategiyasının və yüksəliş siyasətinin parlaq nəticəsidir. Bütün dünya xalqımızın iradəsinə, mərdliyinə, mətinliyinə şahidlik etdi. Ən əsası, bu Qələbə hər bir azərbaycanlının milli şüuruna hopdu və bu gün biz qalib xalqın nümayəndəsi olmaqla qürur duyuruq.

Vətən müharibəsində Azərbaycan əsgərinin keçdiyi döyüş yolu bir igidlik mücəssəməsi, qəhrəmanlıq dastanıdır. Hər qarış torpaq uğrunda mərdliklə döyüşən, addım-addım irəliləyən qəhrəman Azərbaycan əsgəri müqayisəyə gəlməz cəsarət və mətinlik nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində oğullarımız ölümün gözünə dik baxdılar. İki əsrdir ermənilərin həyata keçirdikləri terrorçu-separatçı siyasəti Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 gündə məhv etdi, 23 saat 44 dəqiqə ərzində isə tarixdən birdəfəlik sildi. Bu gün şəhidlərimizin canları bahasına azad edilən torpaqlarda üçrəngli Zəfər bayrağımız vüqarla dalğalanır.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə sentyabr ayının 19-20-də həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi və konstitusiya quruluşu tam bərpa olunub. Beləliklə, illərdir davam edən işğal və separatizm siyasətinə birdəfəlik son qoyulub, şəhidlərimizin ruhu şad edilib.

Vətənimizin bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, müharibə iştirakçılarına dövlət qayğısı bu gün də yüksək səviyyədə davam etdirilir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan çoxsaylı fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyi diqqət və qayğı dövlətin bu sahədə ardıcıl siyasətinin bariz nümunəsidir.

Tədbir iştirakçıları Sumqayıtın Şəhidlər Xiyabanında ucaldılan “Qalib əsgər” abidəsi önünə gül dəstələri qoyaraq şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra qəhrəmanların məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Tədbir çərçivəsində iştirakçılar şəhərdə ağacəkmə aksiyasında da iştirak ediblər. Aksiya zamanı yeni ağaclar əkilib, yaşıl zəfər zolağının salınması ilə şəhidlərimizin əziz xatirəsi bir daha yad olunub.