Azərbaycan Respublikasının Baş Prokurorluğunda “Vətən Müharibəsi”ndəki qələbənin beşinci ildönümü, “8 Noyabr Zəfər Günü” münasibətilə Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən "İki sahil"ə verilən xəbərə görə, görüş zamanı Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev əldə edilmiş zəfərə görə möhtərəm cənab prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna dərin minnətdarlığını ifadə edərək, torpaqlarımızın və ərazi bütövlüyümüzün bərpası uğrundan canlarından keçmiş şəhidlərimizin ruhlarına öz dərin ehtiramını bildirib, qazilərimizə Allahdan şəfa diləyərək, bu zəfərin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib, müharibə dövründə prokurorluq orqanlarının əməkdaşlarının xidməti fəaliyyətlərinə toxunub.
Eyni zamanda Baş prokuror tərəfindən vurğulanmışdır ki, 2020-ci ildən sonrakı dövrdə prokurorluq orqanlarına keçirilmiş qəbul imtahanlarında iştirak edərək müvəffəqiyyət əldə etmiş 21 nəfər “Vətən Müharibəsi” iştirakçısı daimi qulluğa qəbul olunub.
Bundan sonra “Vətən Müharibəsi” dövründə xidməti vəzifələrini yüksək səviyyədə yerinə yetirmiş prokurorluq əməkdaşlarından Şirvan şəhər prokuroru Kamal Talıbovun, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika şöbəsinin böyük prokuroru Tural Nuriyevin, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Ozal Həsənovun, o cümlədən ön cəbhədəki döyüşlərdə iştirak etmiş Gəncə şəhər prokurorluğunun böyük müstəntiqi İlkin Şıxməmmədovun, Bakı şəhəri Suraxanı rayon prokurorluğunun müstəntiqi Elvin Quliyevin çıxışları dinlənilib.
Tədbirin sonunda 8 Noyabr-Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib, xatirə şəkili çəkilib.
Ölkəmizə gətirilmiş daha bir qrup ukraynalı uşağın reabilitasiya prosesi başa çatıb