06 noyabr 2025 23:50
96

Braziliyada COP30 rəsmi olaraq başladı

Braziliyanın Belen şəhərində dünya liderlərinin iştirakı ilə keçirilən İqlim Sammiti — COP30 çərçivəsində liderlərin plenar iclası öz işinə başlayıb.

“İki sahil” xəbər verir ki, tədbirə BMT-nin Baş katibi Antonio Quterreş, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva, COP29 Prezidenti və bir sıra ölkələrin dövlət və hökumət başçıları qatılıb.

Azərbaycanı Belen İqlim Sammitində Milli Məclisin sədri Sahibə Qafarova, həmçinin Azərbaycan Respublikasının Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayevin rəhbərlik etdiyi COP29 heyəti, Xarici İşlər Nazirliyi və digər dövlət və hökumət rəsmiləri təmsil edirlər.

Belen Sammiti COP30-un rəsmi açılışına qədər keçirilən yüksək səviyyəli mərhələ sayılır və iqlim böhranına qarşı siyasi öhdəliklərin gücləndirilməsini hədəfləyir.

Çıxışında BMT Baş katibi Antonio Quterreş bildirib ki, dünya 1,5°C hədəfi altında qalmaq öhdəliyini yerinə yetirə bilməyib: “Elm artıq xəbərdarlıq edir ki, 2030-cu illərin əvvəllərindən etibarən bu həddin müvəqqəti aşılması qaçılmazdır. Biz bu aşmanı mümkün qədər kiçik, qısa və təhlükəsiz etməliyik. Hər dərəcə artımı daha çox aclıq, köç və itki deməkdir”, – deyə Baş katib vurğulayıb.

O, iqlim böhranının fəlakətli nəticələrinin - meşə yanğınlarının, daşqınların, quraqlıqların və fırtınaların artmasının insan həyatına və iqtisadi inkişaflara ağır zərbə vurduğunu qeyd edib. Quterreş ölkələri dərhal və kollektiv şəkildə emissiyaları azaltmağa, fosil yanacaqlardan mərhələli imtinaya, bərpa olunan enerji və adaptasiya investisiyalarını sürətləndirməyə çağırıb.

“1,5 dərəcə bəşəriyyət üçün qırmızı xətdir. Biz bu hədəfdən imtina etməyəcəyik. Elm, ədalət və gələcək nəsillərin yanında durmaq vaxtıdır”, – deyə Quterreş bildirib.

BMT Baş katibi həmçinin COP29-da Bakıda razılaşdırılmış 1,3 trilyon ABŞ dolları iqlim maliyyəsi məqsədinə istinad edərək, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər bu maliyyə öhdəliklərini reallaşdırmalı olduqlarını xatırladıb.

Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva çıxışında COP29-da əldə olunan nəticələrə xüsusi təşəkkür edib, Bakıda imzalanan “Bakıdan Belenə Yol Xəritəsi” sənədini qlobal iqlim səylərinin istiqamətləndirilməsində mühüm addım kimi qiymətləndirib.

“Azərbaycanın COP29 sədrliyi altında atılan addımlar COP30 üçün güclü zəmin yaratdı. Biz bu yol xəritəsini praktik fəaliyyət planına çevirməliyik”, – deyə Lula vurğulayıb.

İki gün davam edəcək Belen Sammiti çərçivəsində meşə və okeanların qorunması, enerji keçidi, Paris Sazişinin 10 illiyi, milli iqlim planları və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi kimi mövzular müzakirə edilir. Xüsusi diqqət “Tropical Forests Forever Fund” - tropik meşələrin uzunmüddətli qorunmasına yönəlmiş beynəlxalq maliyyə təşəbbüsünə ayrılıb.

Rəsmilər bildiriblər ki, Belen Sammiti Braziliyanın iqlim dəyişiklikləri ilə mübarizədə qlobal liderlik iddiasını gücləndirir və COP30 konfransına siyasi impuls verir.

Xatırladaq ki, noyabrın 10-dan etibarən Belen şəhəri COP30 konfransına rəsmi şəkildə ev sahibliyi edəcək.