01 noyabr 2025 13:07
149

Qədim primat alimləri təəccübləndirib

Alimlər Keniya ərazisində təxminən 1,5 milyon il yaşı olan və insanın nəsli kəsilmiş qohumu “Paranthropus boisei”yə məxsus əl və ayaq sümüklərinin qalıqlarını aşkar ediblər. Sümüklərin analizi göstərib ki, bu növ həm qorilla gücünə, həm də insan kimi dik yerimə qabiliyyətinə malik olub.

“İki sahil” xəbər verir ki, bu barədə “Nature” jurnalı məlumat yayıb.

Güclü çənəsi və iri dişlərə malik “Paranthropus boisei” erkən “Homo” nümayəndələri ilə eyni dövrdə yaşayıb. Uzun müddət alimlər hesab edirdilər ki, o, insanlara nisbətən zəka və uyğunlaşma baxımından geri qalıb, bu isə onun təxminən 800 min il əvvəl yox olmasına gətirib çıxarıb. Lakin Turkana gölünün sahilindəki Koobi-Fora bölgəsindən əldə edilən yeni tapıntılar bu fikri yenidən qiymətləndirməyə əsas verib.

Tədqiqat nəticələri göstərib ki, “Paranthropus” möhkəm, qövsvari ayaqlara malik, inamlı ikiayaqlı varlıq olub və enerjiyə qənaət edən addımlarla hərəkət edirmiş. Onun ayaqları quruluş baxımından insan ayaqlarından demək olar fərqlənməyib. Eyni zamanda, əllərinin barmaqları qorillaların barmaqlarını xatırladırmış: güclü və möhkəm tutuş üçün uyğunlaşmışdı. Alimlər ehtimal edirlər ki, o, bu xüsusiyyəti qida toplamaq və ya sadə əşyaları daşımaq üçün istifadə edib.

Tədqiqatçılar bildirirlər ki, “Paranthropus” Şərqi Afrikanın açıq və qarışıq landşaftlarında yaşayaraq əsasən iki ayaq üzərində hərəkət edib, lakin zərurət olduqda budaqlardan yapışa bilirmiş. Onun anatomiyası gücü və sabitliyi birləşdirirdi, halbuki “Homo” növü zəka və əməkdaşlıq bacarıqlarını inkişaf etdirirdi.

Tapıntı sübut edir ki, dik yerimə yalnız insanlara məxsus xüsusiyyət olmayıb və artıq 1,5 milyon il əvvəl bu qabiliyyət müxtəlif homininlər arasında müşahidə olunub. “Paranthropus boisei” daha kiçik beyin və iri dişlərinə baxmayaraq, “təkamül dalanı” deyil, öz ekoloji mühitinə uyğunlaşmış və milyondan ildən çox mövcud olmuş müstəqil növ kimi qiymətləndirilir.