Böyük Britaniya hökuməti Səudiyyə Ərəbistanı ilə ümumi dəyəri 6,4 milyard funt sterlinq olan ticarət və investisiya razılaşmalarını yekunlaşdırıb.
“İki sahil” “Reuters”ə istinadla xəbər verir ki, bu barədə hökumət maliyyə naziri Reyçel Rivzin Körfəz ölkələri ilə iqtisadi əlaqələri gücləndirmək məqsədilə Ər-Riyadda keçirdiyi görüşlərdən sonra məlumat yayıb.
Razılaşmaya əsasən, Böyük Britaniyanın İxracat Maliyyələşdirmə Agentliyi (“UK Export Finance”) Səudiyyə Ərəbistanındakı layihələr üçün 5 milyard funt dəyərində maliyyə dəstəyi təqdim edəcək. Bu təşəbbüs Britaniya şirkətlərinə regionda yeni müqavilələr qazanmaq imkanı yaradacaq.
Bundan əlavə, hökumət bəyan edib ki, “Aberdeen Investcorp”, “Barclays”, HSBC və Britaniyanın süni intellekt sahəsində fəaliyyət göstərən “Quantexa” şirkəti ilə milyonlarla funt dəyərində əlavə investisiya sazişləri də imzalanıb.