27 oktyabr 2025 21:01
151

“Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı – 2025” təqdim olunub - FOTO

27 oktyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı – 2025”in təqdimat mərasimi keçirilib.

Öncə Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Mərasim “Gənc qızların təhsilinə dəstək” layihəsinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. Daha sonra rəsmi çıxışlar dinlənilib.

Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan dövlətinin qadınların və qızların təhsilinə göstərdiyi diqqətin ölkənin sosial və iqtisadi inkişafında mühüm rol oynadığını bildirib. B.Muradova qeyd edib ki, xalqımızın uzun illər boyu yaratdığı ənənələr bu gün də davam etdirilir. Dövlətimizin əldə etdiyi uğurlar Prezident İlham Əliyevin və onun ən yaxın silahdaşı Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil, mədəniyyət və humanitar sahələrə göstərdiyi diqqətin nəticəsidir.

Komitə sədri təşkilatçılar və tərəfdaşlarla birgə, həmçinin milli sahibkarların dəstəyi ilə həyata keçirilən “Gənc qızların təhsilinə dəstək” layihəsinin artıq 5 ildir icra olunduğunu və bu müddətdə 238 gənc qızın proqramdan yararlandığını deyib. Eyni zamanda layihənin daha çox gənc qız arasında populyarlaşdığı və ölkənin bütün regionlarından müraciətlərin daxil olduğu vurğulayan sədr, ştirakçıların ölkəmizin 57 rayonunu və 16 şəhərini təmsil etdiyini diqqətə çatdırıb.

B. Muradova, layihə təqaüdçüləri arasında mühəndislik, texnologiya və informasiya elmləri sahələrinə qəbul olanların sayının xeyli artdığını söyləyib. Bildirib ki, qızlarıb kompüter, neft-qaz, informasiya təhlükəsizliyi, data analitikası və kimya mühəndisliyi kimi ixtisasları seçməsi cəmiyyətimizdə qeyri-ənənəvi peşələrə gənclərin, xüsusilə qızların cəlb olunmasında uğurlu nəticələrin göstəricisidir və layihə sayəsində gələcək liderlərin, alimlərin, müəllimlərin və mühəndislərin yetişməsinə təkan verilir.

Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev, qadınların cəmiyyətdə rolunun onların təhsildə inkişafı ilə sıx bağlı olduğunu bildirib. Nazir qeyd edib ki, qızların təhsilə cəlb olunması yalnız fərdi deyil, həm də ictimai maraqlara xidmət edir və bu istiqamətdə atılan addımlar güclü gələcəyin əsasını qoyur. O, ali təhsilli qadınların sayının artmasının uşaqların təhsilinə, gələcək inkişafına, eləcə də cəmiyyətin və ölkənin tərəqqisinə müsbət təsir göstərdiyini söyləyib.

Təhsilin İnkişaf Fondunun İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən İlqar Bayramlı bildirib ki, bu il “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı” çərçivəsində 93 tələbə qız təqaüd dəstəyi almaq imkanı əldə edib. O, layihənin icrası dövründə ümumilikdə 300-ə yaxın tələbənin bu proqramda iştirak etdiyini deyib. Əlavə edib ki, indiyədək Fond tərəfindən həyata keçirilən təqaüd proqramlarına 3 mindən çox müraciət daxil olub və 400-dən artıq tələbə qız bu layihələrdə iştirak edib. İ. Bayramlı, Fondun bu təşəbbüsünü həm strateji bir hədəf, həm də böyük məsuliyyət kimi qiymətləndirildiyibi vurğulayıb.

Mərasimdə təqaüd proqramının iştirakçısı, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi Duyğu Əsgərli də çıxış edərək layihənin gənc qızların təhsil imkanlarının genişlənməsi baxımından əhəmiyyətini vurğulayıb. Proqram çərçivəsində qazandığı bilik və təcrübələrdən bəhs edib, təşkilatçılara təşəkkürünü bildirib.

Mərasimdə təqaüd proqramına seçilən tələbələrə sertifikatlar təqdim olunub və bədii hissə ilə tədbirə yekun vurulub.

Qeyd edək ki, təqaüd proqramının məqsədi həssas təbəqədən olan, eyni zamanda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənc qızların təhsilinə dəstək vermək, onların sosial rifahına və elmi inkişafına töhfə verməkdir. Proqram çərçivəsində seçilən tələbələrə aylıq təqaüdlər təqdim olunacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”