2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunmuşdur. Bu əlamətdar ildə xalqımız müstəqillik tariximizin ən şanlı səhifəsi – Vətən müharibəsində tarixi Qələbəmizin 5-ci ildönümünü qürurla qeyd edir. Vətən müharibəsində qazandığımız şanlı Qələbəmiz ölkəmizin çoxəsrlik tarixinin ən möhtəşəm hadisəsi olmaqla yanaşı, Azərbaycan əsgərinin qüdrətini, vətənpərvərliyini, sarsılmaz ruh yüksəkliyini nümayiş etdirdi. Əlbəttə ölkəmizin nailiyyətlərinin təməlində Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilən uzaqgörən, praqmatik, müdrik siyasət dayanır. Ötən illər ərzində xüsusən də, gənclərin çağırışaqədərki dövrdə mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının yüksəldilməsinə, onların hərbi xidmətə həvəsləndirilməsinə xidmət edən tədbirlər, həmçinin sağlam həyat tərzini təbliğ edən təşəbbüslər ölkəmizdə prioritet əhəmiyyət daşıyıb. Bu gün güclü dövlətin və möhkəm gələcəyin təminatı olan vətənpərvər və sağlam gəncliyin qorunub saxlanılması ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də sağlam həyat tərzinin, idmanın gənclərin həyatında əvəzsiz rolunu daim vurğulayaraq belə deyib: “İdman məsələsinə gəldikdə, mən imkan daxilində hamıya, gənclərə isə, əlbəttə, maksimum dərəcədə idmanla məşğul olmağı məsləhət görürəm. Ona görə ki, bu, sağlamlıq üçün, ilk növbədə, cəmiyyət üçün faydalıdır. Məsələn, elə həmin Vətən müharibəsini götürək. Axı, aşağıdan yuxarıya, özü də tam geyinmiş halda avtomatlarla təchiz olunmuş şəkildə dırmaşmaq və yuxarıdan hər şeyə nəzarət edən düşmənə qalib gəlmək üçün çox böyük, inanılmaz fiziki qüvvə tələb olunurdu.” Bu sözlər gənclərə bir daha xatırladır ki, sağlam həyat tərzi hər bir fərdin uğurlu inkişafı, həm də güclü dövlətin və möhkəm gələcəyin zəmanətidir.
Narkotik asılılığı bir insanın həyatını məhv etməklə kifayətlənmir, həm də bütöv cəmiyyətə mənfi təsir göstərir. Tütün məmulatlarından və spirtli içkilərdən istifadə, narkotik vasitələrə meyillilik insanın sağlamlığına, onun psixoloji durumuna, ailə münasibətlərinə, təhsil və peşə fəaliyyətinə ciddi zərər vurur. Narkotik və digər zərərli vərdişlər döyüş qabiliyyətini zəiflədir, diqqət və intizamı azaldır, əsgərin həm özünün, həm də xidmət yoldaşlarının həyatını riskə atır. Buna görə də hərbi xidmətə çağırılmadan əvvəl gənclər arasında sağlam həyat tərzi ilə bağlı maarifləndirici tədbirlərin aparılması vacibdir. Bu məqsədlə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2025-ci ilə dair təsdiq olunmuş İş Planının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinə aid olan bəndlərin icrası gündəlik xidmətdə diqqət mərkəzində saxlanılmış, sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı sosial maarifləndirmə işi, o cümlədən çağırışyaşlı gənclər arasında ictimaiyyət, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə narkomaniyaya qarşı təbliğat və maarifləndirmə tədbirləri keçirilmişdir. Bu tədbirlərdə hər bir çağırışyaşlı gəncə sağlamlığın yalnız şəxsi məsələ deyil, həm də dövlətə və xalqa qarşı borcu olması bildirilir. İdmanla məşğul olmaq, düzgün qidalanmaq, pis vərdişlərdən uzaq durmağın fərdin həm şəxsi inkişafı, həm də döyüş meydanında qalibiyyətin əsas şərtlərindən biri olması diqqətə çatdırılır. Cari il ərzində Xidmətin struktur qurumları tərəfindən ümumtəhsil, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində şagirdlər arasında sağlam həyat tərzinin təbliği və antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə "Vətənpərvər Azərbaycan gəncliyi - Sağlam gənclik, sağlam gələcək” mövzusunda maarifləndirici görüşlər keçirilib. Tədbirlər Sabirabad, Şabran, Şəki, Astara, Lerik, Şəmkir, Ağstafa, Xaçmaz rayonlarını əhatə edib. Müasir dövrün tələbləri nəzərə alınmaqla sağlam həyat tərzi və antinarkotik təbliğatı işlərinin onlayn media, sosial şəbəkələr üzərindən aparılması məqsədilə tədbirlərin daha da genişləndirilməsi istiqamətində işlər davam etdirlir. Xidmətin rəsmi sosial şəbəkə hesablarında (“facebook”, “instagram”, “whatsapp”, “telegram”, “X”) maarifləndirici postlar və tədbirlər barədə məlumatlar paylaşılıb. Həmçinin zərərli vərdişlərin qarşısının alınması, sağlam həyat tərzinin təbliği və şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə il ərzində respublikanın ayrı-ayrı rayonları üzrə orta ümumtəhsil müəssisələrində “Narkomaniya nədir”?, “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat”, “Narkomaniya cəmiyyətin qəddar düşmənidir”, “Narkomaniyaya qarşı hamılıqla mübarizə aparaq”, “Ağ ölümə yox deyək!”, “Zərərli vərdişlərə yox deyirik” mövzularında maarifləndirici mühazirələr oxunub və aidiyyəti icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə kütləvi tədbirlər həyata keçirilib. Xidmət tərəfindən hərbi-idman və hərbi-bilik yarışlarında zərərli vərdişlərin fəsadları barədə mütəmadi olaraq maarifləndirici söhbətlər edilir, eləcə də çağırışaqədərki hazırlıq rəhbərləri üçün mütəmadi olaraq keçirilən seminarlarda sağlam, vətənpərvər gəncliyin yetişdirilməsi məsələsinə xüsusi yer ayrılır.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, vətəndaşlar Xidmətin strukturuna daxil olan qurumlarda ilkin hərbi qeydiyyata alınarkən və çağırışa cəlb edilərkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə qanunvericiliyin tələblərinə əsasən həkim mütəxəssislər tərəfindən tibbi müayinədən keçirilirlər. Xidmətin yerli struktur bölmələri tərəfindən vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə çağırışı və təkrar tibbi müayinəsi zamanı dövlət tibb müəssisələrindən - psixi pozuntulara, narkomaniyaya, alkoqolizmə, toksikomaniyaya, narkotik və psixotrop maddələrdən sui-istifadəyə, insan immun çatışmazlığı virusu ilə yoluxmaya görə qeydiyyatı, diaqnozu və nəzarətdə olub-olmaması, həmçinin daxili işlər orqanlarından - narkotik vasitələrdən, psixotrop maddələrdən, alkoqoldan və tibbi preparatlardan qeyri-tibbi məqsədlərlə istifadəyə görə qeydiyyatda olub-olmaması haqqında məlumatlar alınır. Əldə olunmuş məlumatlar üzrə aşkar olunmuş faktlarla bağlı çağırışçılar və onların valideynləri ilə müvafiq söhbətlər aparılır. Həmçinin tibbi şəhadətləndirilmə zamanı narkotik və psixotrop maddələrdən istifadə ilə bağlı şübhə doğuran çağırışçılar müəyyən olunmuş tibb müəssisələrinə əlavə tibbi müayinəyə göndərilirlər.
Narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə Xidmətin hərbi qulluqçularının, eləcə də müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların hər növbəti çağırışa hazırlıq dövründə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılmış qaydada qeydiyyatda olduqları dövlət tibb müəssisələrində icbari narkoloji müayinədən keçirilməsi təmin edilir, həmçinin tibbi şəhadətləndirilmə zamanı narkotik və psixotrop maddələrdən istifadə ilə bağlı şübhə doğuran çağırışçıların müəyyən olunmuş tibb müəssisələrində əlavə tibbi müayinəsi təşkil edilir.
Xidmət tərəfindən ölkəmizin bütün bölgələrini əhatə edən tədbirlərdə aparılan müşahidələr göstərir ki, tarix boyu vətənpərvərliyi, əzmkarlığı və mərdliyi ilə seçilən Azərbaycan gəncliyi bu ənənəni qorumaq üçün sağlam həyat tərzini həyat prinsipi kimi qəbul edir, hərbi xidmət dövründə isə öz həmkarlarına nümunə olur.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti