23 oktyabr 2025 23:36
130

“Hüquqi, tarixi, müasir perespektivlər” adlı elmi seminar

Astara Pedaqoji Kollecində təşkil olunan növbəti elmi seminar “Konstitusiya və suverenlik ili” çərçivəsi ilə baglı idi. Təşkilatçıları Azərbaycan Ağsaqqallar Şurası və Astara Pedaqoji Kolleci olan tədbirdə Müstəqil Respublikanın ilk Konstitusiyasının banisi, müəllifi ulu öndər Heydər Əliyevin və Suverenliyin tam bərpasında canından keçən Vətən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Dövlət Himnin sədaları altında başlanan tədbirin giriş sözündə kollecin direktoru, fil. e. d. Kamran Kazımov dedi:- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli sərəncamına əsasən 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu ilin “Konstitusiya və Suverenlik İli” olaraq seçilməsi heç də təsadüfi deyildir. Məhz 2025-ci il Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu, eyni zamanda Vətən müharibəsində qazanılmış şanlı zəfərin 5-ci ildönümüdür. Bu sərəncam dövlətçilik ənənələrinin gücləndirilməsi, hüquqi dövlət quruculuğunun təkmilləşdirilməsi, Azərbaycan Respublikasının müasir dövlətçiliyinin əsasını təşkil edən konstitusiya dəyərlərinin qorunması, yüksək səviyyədə inkişafı, təbliği, suverenliyin qorunması və möhkəmləndirilməsi istiqamətində irəliyə doğru atılan əhəmiyyətli addımlardan biridir.

Söz Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Respublikanın əməkdar müəllimi, Hüquq elmləri doktoru, I Qarabağ müharibəsinin iştirakçısı İbrahim Quliyevə veriləndə natiq bildirdi ki, hər bir xalq üçün öz taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaratmaq və inkişaf etdirmək ən böyük nailiyyətdir. Azərbaycanın dövlətçilik tarixi əsrlər boyunca çətin sınaqlardan keçmiş, amma işğallar, müharibələr xalqımızın milli iradəsini sındıra bilməmiş, bütün bu çətinliklərə baxmayaraq, azərbaycan xalqının müstəqillik, azadlıq və dövlətçilik arzusu heç vaxt sarsılmamış, daim yeni güc və enerji ilə nəsildən-nəslə ötürülüb. Müstəqillik və suverenlik yalnız hüquqi və siyasi kateqoriyalar deyil, həm də xalqın milli kimliyini, onun mədəni və tarixi varlığını təsdiqləyən dəyərlərdir. Azərbaycanın suveren dövlət kimi mövcudluğu yalnız beynəlxalq hüquqi sənədlərlə deyil, həm də xalqımızın qəhrəmanlıq mübarizəsi ilə təmin edilib.

Natiq onu da xüsusi olaraq vurğuladı ki, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında milli ordumuz 44 günə düşmənə qalib gəlib, Vətən torpaqları azadlığı qovuşdu. Bu da Azərbaycanın müasir tarixində ən əsas dönüş nöqtəsi oldu.

Kollecin direktoru K. Kazımov geniş və dərin məzmunlu çıxışa görə Hüquq elmləri doktoru İbrahim Quliyevə təşəkkür etdi və 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirilən növbəti tədbirin tələbələrin maarifləndirilməsi sahəsində əhəmiyyətini vurğuladı.

Tədbirdə iştirak edən Astara Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadovun, Azərbaycan Müharibə , əmək və silahlı qüvvələr təşkilatı İctimai Birliyinin rayon təşkilatının sədri Rafiq Əliyevin, Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran bölməsinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyevin çıxışları da maraqla dinlənildi.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü