22 oktyabr 2025 17:45
136

Çexiya Müdafiə Nazirliyi ölkəni rəqəmsal hücumlardan qorumaq üçün “kiberkommandos” hazırlayır

Çexiya Müdafiə Nazirliyi hərbi mütəxəssislərin etik hakerlik üzrə hazırlanmasına təxminən 18 milyon kron (təqribən 740 min avro) sərmayə yatırır.

“İki sahil” xəbər verir ki, layihənin məqsədi kibercinayətkarlar və ya xarici kəşfiyyat orqanları sistemlərdəki boşluqları aşkar etməzdən əvvəl bu zəiflikləri müəyyən edə bilən ekspertlərdən ibarət komanda formalaşdırmaqdır.

“Ekonomický deník” nəşrinin məlumatına görə, təlim 2026-cı ilin sonunadək GOPAS şirkətinin iştirakı ilə keçiriləcək və 428 mütəxəssisi əhatə edəcək. Proqram çərçivəsində iştirakçılar üçün hər birinin dəyəri 68 min kronadək olan beynəlxalq “Certified Ethical Hacker” (CEHv13) və “Certified Penetration Tester” (CPENT) kursları təşkil olunacaq.

Hərbçilərə veb-tətbiqlərin və “ağıllı cihazların” (IoT) sındırılmasından tutmuş, Wi-Fi və korporativ şəbəkələrə edilən hücumlara qədər real kibertəhlükələri analiz etmək və modelləşdirmək öyrədiləcək. Kiberhücumların beş mərhələsinə xüsusi diqqət yetiriləcək: kəşfiyyat, skan etmək, girişin əldə edilməsi və saxlanılması, eləcə də izlərin gizlədilməsi.

Müdafiə Nazirliyinin nümayəndələrinin sözlərinə görə, rəqəmsal müstəvi XXI əsrin əsas döyüş meydanına çevrilir. Yeni proqram enerji, nəqliyyat, səhiyyə və müdafiə kimi həyati əhəmiyyətli infrastrukturun qorunmasının gücləndirilməsinə, həmçinin virtual məkanda artan təhdidlərə qarşı mübarizə apara biləcək milli “kiberelita”nın formalaşdırılmasına yönəlib.