Yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqlar aparan ANO və “Azadlıq və birbaşa demokratiya” (SPD) partiyaları ictimai mediadan istifadəyə görə ödənilən konsessiya haqlarını ləğv etməyi və “Çex Radiosu” ilə “Çex Televiziyası”nın tamamilə dövlət büdcəsindən maliyyələşdirilməsini təklif edirlər.
“İki sahil” xəbər verir ki, bu məsələ hələ partiyaların seçkiqabağı proqramlarında öz əksini tapmışdı.
Oktyabrın 24-də partiya nümayəndələri mədəni siyasəti və ictimai medianın gələcəyini müzakirə edəcəklər.
Bu yaxınlarda parlament konsessiya haqlarının artırılmasını təsdiqləyib, belə ki, televiziya üçün aylıq ödəniş 150 kron, radio üçün isə 55 kron müəyyən edilib. Həmçinin telefon və kompüter sahiblərini də daxil etməklə ödəyicilərin dairəsi genişləndirilib.
ANO partiyası təkcə haqların ləğvini deyil, həm də “Çex Radiosu” və “Çex Televiziyası”nı birləşdirərək vahid dövlət mediası yaratmağı təklif edir. Tənqidçilərin fikrincə, bu addım redaksiya siyasətinə siyasi təsiri gücləndirə bilər.
“Avtomobilçilər özləri üçün” partiyası isə dövlət maliyyələşməsi fikrinə qarşı çıxır, bu adımın ictimai medianı “dövlət mediasına” çevirəcəyini bildirir. Partiya yalnız qismən güzəştləri, məsələn tibb və sosial müəssisələrin ödənişlərdən azad edilməsini dəstəkləyir, lakin konsessiya haqlarının tamamilə ləğvinə qarşıdır.